Foto 21:11 06.06.2020

Neftçalada kritik vəziyyət - Operativ Qərargah yaradıldı (FOTO/YENİLƏNİB)

Neftçala rayonu ərazisində dərhal mövcud problem araşdırılıb və su çatışmamazılığı olan bütün ərazilər müəyyən olunub.

Neftçala Rayon İcra Hakimiyyətindən Qaynarinfo-ya bildirilib ki, "Azərsu" ASC tərəfindən Neftçala rayonu və kəndlərdə yaranan içməli su qıtlığı ilə bağlı əlavə tədbirlər həyata keçirilib:

"Yenikənd, Qırmızı Şəfəq, Kürkənd, 1№-li Mayak, 2№-li Mayak və Şirvanlı kəndlərinin modul tipli sutəmizləyici qurğularına boşaldılıb. Eyni zamanda xüsusi ayrılmış iritutumlu su maşınları vasitəsilə mütəmadi olaraq Neftçala şəhərində Heydər Əliyev prospekti, M.Əsədov, A.Cəfərov, 20 yanvar, M. Qorki, Üzeyir Hacıbəyov küçələrində ümumilikdə 30-dan çox binaya və məhəllələrə su təminatı həyata keçirilib. Bundan başqa 1№-li Mayak, Qırmızı Şəfəq, Mikayıllı, Uzunbabalı və digər kəndlərə, həmçinin Bankə qəsəbəsinə maşınlar vasitəsilə su çatdırılıb.

Mövcud problemin həlli istiqamətində aparılan tədbirlər nəticəsində içməli su ilə təminat məsələsi həllini tapıb".

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, vəziyyət nəzarətindədir növbəlilik prinsipinə uyğun olaraq su ilə təmin olunmayan ərazilərin ardınca təkrar olaraq digər ünvanlara da su çatdırılacaq.

Əlavə olaraq hər hansı problem yarandıqda sakinlər Rayon İcra Hakimiyyətinin yerlərdə olan icra nümayəndəliklərinə və ya "Azərsu" ASC-nin "qaynar xətti"nə (+99455 457 92 27) müraciət edə bilərlər.
 
16.46

Neftçala rayonunda içməli su problemi yaranıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndlərində içməli su problemi yaranıb. 

Vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Əhalini içməli su ilə təmn etmək məqsədilə əraziyə "Azərsu" ASC-nin 10-na yaxın xüsusi təyinatlı su maşını cəlb edilib. Həmin maşınlar vasitəsilə şəhər, eləcə də sözügedən kənd əhalisinə içməli su verilir.

Kür çayının suyu dəniz suyu qarışdığına görə əkin sahələrinin suvarılması dayandırılıb. Mal-qaranın suvarılmasında isə ciddi problemlər yaranıb.

Hələlik Kürün aşağı axınında yaranmış vəziyyət nəzarətə götürülsə də, gərginlik davam edir.

Məlumata görə, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırılmasa, mövcud vəziyyət qısa müddətdə aradan qaldırılacaq.