İdman 16:15 22.01.2022

"Neftçi" legioneri ilə yollarını ayırdı, xorvat qapıçı transfer etdi

"Neftçi" klubu yeni transferi İvan Brkiçı təqdim edib.

Fanat.Az xəbər verir ki, 27 yaşlı qapıçının təqdimatı paytaxt təmsilçisinin rəsmi televiziyasında gerçəkləşib. Xorvatiyalı qolkiperlə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi” Brkiçə qədər Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb.
 
Klubun rəsmi televiziyasına müsahibə verən İvan Brkiç böyük və tarixi kluba keçdiyini bildirib: "Burada olduğum üçün çox şadam və xoşbəxtəm. Komandanın çoxlu ambisiyaları var. Klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram".

Xorvatiyalı qolkiper danışıqlar prosesinin 6-7 gün əvvəl başladığını söyləyib: "Neftçi"dən təklif alandan sonra dərhal bu ölkədə çıxış edən bir neçə oyunçu ilə əlaqə saxladım. "Qarabağ"da oynayan futbolçu və "Neftçi"dən Voislav Stankoviçlə danışdım. Klub haqqında çox yaxşı məlumatlar verdilər".

Brkiç "ağ-qaralar"ın "Qarabağ" klubu ilə rəqabətindən xəbardar olduğunu vurğulayıb: "11 xallıq fərqi aradan qaldırmalıyıq. Sonda bu mübarizədə qalib gələ bilərik".

Oyunçu "Neftçi"nin keçmiş xorvatiyalı futbolçusu Qoran Paratski ilə əlaqə saxlamadığını sözlərinə əlavə edib: "İstra"da birlikdə oynadığımız müddətdə yaxşı münasibətimiz olub. Amma onun daha əvvəl "Neftçi"də çıxış etdiyini bilmirdim. Bu mövzu haqqında danışmamışıq. Bu gün ona yazıb bəzi məsələlər haqqında soruşacağam".

Brkiç paytaxt təmsilçisinin tarixində uğurlu xorvatiyalı oyunçu kimi yadda qalmaq istədiyini deyib: "Buraya gəlməmişdin əvvəl də "Neftçi" azarkeşlərdən çoxlu mesajlar alırdım. Bu, məni sevindirir. Bütün fanatlara təşəkkürümü bildirirəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək. Düşünürəm ki, sonda qalib gələn tərəf də biz olacağıq".

Əvəzində klub Xorxe Korrea ilə yollarını ayırıb. 29 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Xorxe Korrea mövsümün əvvəlində "Neftçi"yə keçib. "Ağ-qaralar" daha əvvəl San-Tome və Prinsipidən olan Harramiz Soareslə vidalaşıb.