Amal Abuşov
İdman 13:02 28.04.2019

“Neftçi” “zəlzələ” astanasında

Amal Abuşov

Mövsüm başa çatar-çatmaz "Neftçi”də böyük dəyişikliklər olacaq.

"Xalq komandası"nın çempionluq şansları artıq möcüzəyə bağlıdı. Həmin möcüzə baş verməsə, paytaxt klubunun həm rəhbərliyi, həm də məşqçilər korpusu vəzifəsini itirəcək. Bu barədə kluba yaxın mənbədən çox inandırıcı məlumatlar almışıq.

Hələ qış fasiləsi ərəfəsində Roberto Bordinin yola salınacağı barədə əsaslandırılmış informasiya almış, onu da oxucularımızla paylaşmışdıq. Bu dəyişikliyi labüd edən AFFA rəhbərliyinin "Neftçi”ni milli komandanın bazasına çevirmək istəyidi. Onlar tam nəzarətlərində olan komandanı öz istəklərinə uyğun şəkildə istifadə etmək, komandaya millinin baş məşqçisi ilə eyni fikirdə olan birini gətirmək istəyində idilər. Elxan Məmmədovun daxil olduğu qruplaşma "Neftçi”ni millinin bazasına çevirməklə "Qarabağ”ın təsir gücünü və Azərbaycan futbolundakı dəyərini azaltmağı da hədəfləmişdi.

Amma "Neftçi”nin qış fasiləsinə 1-ci pillədə yollanması Kamran Quliyevin bu təklifə isti yanaşmaması ilə nəticələndi. Quliyevin Elxan Məmmədovla fikir ayrılığı yaşamasında Bordinin azarkeşlərin sevimlisinə çevrilməsi də əhəmiyyətli rol oynadı. Elə bu iki şəxs arasında soyuq münasibətlərin yaranmasının əsas səbəblərindən biri də budu. Heç kimə sirr deyil ki, Kamran Quliyevin futbol təsərrüfatında sürətlə irəliləməsinin, söz sahibinə çevrilməsinin əsas səbəbkarı Elxan Məmmədovdu. İki dostun münasibətləri əla idi, ta o vaxta qədər ki, Quliyev "Neftçi”nin prezidenti olandan sonra baş katibin sözlərini qulaqardına vurmağa başlamamşdı.

"Neftçi” kimi klubun prezidenti olması Kamran bəyin özünə inamını və müstəqil qərar vermək həvəsini artırdı ki, bu da Elxan Məmmədovun xoşuna gəlmədi. Dostların arası təkcə Bordina görə sərinləşməyib. "Neftçi”nin mətbuatla qurduğu münasibətlər, klubun əməkdaşlıq etdiyi saytların siyahısını müəyyənləşdirilərkən baş katibin tövsiyyələrinin nəzərə alınmaması odun üstünə yağ töküb. Artıq futbolumuzun mətbəxinə yaxın olanların hamısı Elxan Məmmədovla Kamran Quliyevin münasibətlərinin sərinləməsini yaxşı bilir.

"Sumqayıt”la oyunlardakı uğursuzluqlar da Quliyevin "Neftçi” karyerasının bitməsini sürətləndirəcək. Bir növ baş katibin ondan qurtulması üçün əla zəmin yaradacaq. "Şərait yaratdım, amma bacarmadın, mənim də sözümə qulaq asmadın” demək Elxan Məmmədov üçün elə də çətin deyil. Üzünə deməsə də, arada gəzənləri vasitəsiylə bu ismarıcı Kamran Quliyevə çatdıracaq. Baş katibə onun kimi kadr sərf etmir, "Neftçi”nin uğuru Quliyevin dosyesinə yazılır, onu xeyli məşhurlaşdırırdı ki, indiki məqamda Məmmədova bu lazım deyil.

"Neftçi”yə daha sözəbaxan prezident, Nikola Yurçeviç kimi məşqçi lazımdı. Prezident postuna namizədləri hazırdı, aylardı ki, onun gizli təbliğatı da aparılır. Baş məşqçi də elə Yurçeviçin həmyerlilərindən, bəlkə də köməkçilərindən biri olacaq. Onlara Azərbaycan futbolu, "Neftçi”nin uğurları lazım deyil. 

Bir sözlə, "Neftçi” dəhşətli "zəlzələ”nin astanasındadı. "Sumqayıt” adtığı badalaqlar isə bu "zəlzələ”nin xəbərçisidi. Olayları bizimlə birlikdə izləyin, olacaqlardan bizimlə birlikdə xəbər tutun.