İdman 13:06 25.04.2013

“Neftçi”nin baş məşqçisi: “Xəzər Lənkəran”ın qarşısında baş əyərəm"

Maraqlı oyun oldu. “Qarabağ”a qarşı düzgün taktika seçdik. Riçard Almeyda və Reynaldo Silvanı “bağlamaq” üçün Denis Silva və Erik Ramosu meydana buraxmışdıq. Deməzdim ki, “Qarabağ” bizə qarşı açıq futbol oynadı.  Açıq futbolu hər zaman “Neftçi” oynayır.  Əsas odur ki, bizə lazım olan qələbəni qazandıq.“Qarabağ” bizə layiq rəqibdir. Avrokuboklarda uğurlu çıxış edəcəklərinə inanıram”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la cavab matçından (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi ikinci qolu qapıçı  Saşa Stamenkoviçin böyük səhvindən buraxdıqlarını, buna görə də onu cəzalandıracağını deyib:  “Nə qədər ki, ikinci qapıçı var idi, Stamenkoviç bilirdi ki, onu əvəzləmək olar. Ancaq indi bir qapıçımız var deyə, o da arxayınlaşıb. Onu mən özüm cəzalandıracağam. Ən yaxşı cəza isə puldur".

Hacıyev oyunun hakimi Fariz Yusifovdan  razı qaldığını da ifadə edib: ” O, ən təcrübəli hakimlərdən biridir. Ona görə inanmıram  ki, qarşılaşma zamanı hansısa səhv etsin. Verilən penaltinin düzgün olduğunu düşünürəm”.

Final qarşılaşması haqqında isə təcrübəli mütəxəssis deyib: “Azərbaycan kubokunun finalında bir-biri üçün “ölən” komandalar qarşılaşacaq.  “Xəzər Lənkəran” bizə qalib gəlsə, onların qarşısında  baş əyərəm. Onlar heç zaman zəif komanda olmayıb. Ona görə  oyuna ciddi hazırlaşacağıq. Güclü olanın qazanmasını istəyirəm”.

Qaynar.info