Ekonomiks 10:58 21.07.2021

Neftin qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

"Həftəyə kəskin enişlə başlayan neftin qiymətində yeni azalmalar müşahidə olunur. Dünən neft yalnız bir gündə 8 faizə yaxın dəyər itirdi. Artıq Brent markalı neftin bir barelinin qiyməti 67 dollardan ucuz təklif olunur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bunun səbəbinin qiymətdə azalmalar OPEC+ Alyansının hasilatla bağlı qərarı və koronavirus infeksiyasının yeni dalğasının yayılması ilə bağlı olduğunu vurğulayıb:



"Belə ki, OPEC+ Alyansı gələn aydan etibarən hasilatı aylıq 400 min barel artıraraq 2022-ci ilin sonunadək pre-pandemiya dövrünün hasilat səviyyəsinə çatdırmaq niyyətindədir. Bazara proqnozlaşdırılandan daha çox neftin çıxarılması gözləntisi qiymətlərə təsirsiz ötüşmür. Digər tərəfdən, qlobal vaksinasiya səviyyəsinin artmasına baxmayaraq, bir sıra ölkələrdə Delta ştammı səbəbindən yeni dalğalar müşahidə olunur. Delta ştammı artıq inkişaf etmiş ölkələrin, o cümlədən Birləşmiş Ştatların iqtisadiyyatına neqativ təsir göstərməkdədir. Dow indeksində bu həftə müşahidə olunan kəskin eniş məhz virus səbəbindən beynəlxalq hava yolları şirkətlərinin səhmlərinin dəyərindəki azalmalarla bağlı oldu".

Deputatın fikrincə, ötən həftə dünya üzrə yoluxma sayında kəskin artımlar müşahidə edilib:

"Yola saldığımız həftə əvvəlki həftəyə nisbətən yoluxma sayı Almaniyada 65 faiz, ABŞ-da 50 faiz, Birləşmiş Krallıqda 42 faiz, İspaniyada 80 faiz, Fransada 2.16, İtaliyada 2.1 dəfə artıb. Qlobal yoluxma sayında isə həmin müddətdə 16 faiz artım qeydə alınıb. Göründüyü kimi, Delta ştammı qlobal yoluxma sayına birbaşa təsir göstərir və artıq bəzi inkişaf etmiş ölkələrin rəhbərləri əhalini özünütəcridə keçməyə səsləyib. Bütün bunlar isə neftə olan tələbi azaldır. Bu baxımdan bir tərəfdən hasilatın yəni təklifin artması gözləntisi, digər tərəfdən isə tələbin azalması neft bazarında volatilliyi yüksəldib".

Vüqar Bayramovun fikrincə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır:

"Neftin indiki qiyməti məqbul hesab olunsa da, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni "şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".

Bahar Rüstəmli