Siyasət 16:58 17.03.2015

Nemtsovun qətli ilə bağlı şok iddia

"The New York Times" qəzetində müxalifət lideri Boris Nemtsovun Moskvada qətlindən bəhs edən "Qətl? Kreml ssenarisi çıxdaş olunur" başlıqlı məqalə gündəm yaradıb.

Anspress-in məlumatına görə, məqalədə deyilir ki, SSRİ dövründə siyasi utancverici hadisədən sonra əsas sual bu idi ki, bu, kimin marağına xidmət edir? Anlaşılan cavab isə belə idi ki, Sovet İttifaqını utandırmaq üçün Vaşinqton hər şeyi düzüb-qoşub. 

Bu praktikaya Rusiya prezidenti Vladimir Putinin həyatında tez-tez rast gəlinir. Kiyevdə qarşıdurma kimin marağına xidmət edir? Bəs, Malayziya təyyarəsinin vurulması? İndi isə Kremlin tənqidçisi Boris Nemtsovun öldürülməsi? Cənab Putinnin müstəntiqləri və nağıl danışanlarının cavabı aydındır: şeytan Qərb Rusiya liderini gözdən salmaq üçün müxalifətdən şəhid düzəltməyə çalışır.

Yazıda B.Nemtsovun qətlinə görə saxlananlardan, ortaya atılan versiyalardan bəhs olunur: "Təbliğatın məqsədi Putini "cənab Nemtsov Kremlin birbaşa və ya dolayısı ilə qurbanı olmayıb" şübhəsindən qorumaqdır. Bir sıra Qərb ekspertləri Vladimir Putinin və ya onun leytenantlarının Nemtsovu öldürtmək istəməsi ideyasını qəbul etmirlər. Belə bir fikrə söykənirlər ki, onun ölümünün doğuracağı qəzəb müxalifət fiquru kimi nüfuzunu aşacaqdı."

Məqalədə vurğulanır ki, hər hansı xoşagəlməz hadisəni Qərbin yağına bağlama Putinin Rusiyasında işləyə bilər, ancaq xaricdə heç kəs istintaq komitəsinin tapıntısına etibar etməyəcək. Ancaq beynəlxalq monitorinq altında olan təhqiqat etibarlı sayılardı. Cənab Putin adını təmizə çıxarmaq istəyirsə, bunu etməlidir. Ancaq görünən odur ki, konspirasiya söhbəti, sovet dövründə olduğu kimi, o qədər davam edəcək ki, rusiyalılar Kremlin dediyi heç nəyə inanmayacaqlar.

Qaynar.info