Ölkə 22:27 06.08.2018

Nigeriyadakı azərbaycanlı həkim: Bu gülüşü görəndə çox xoşbəxt oldum

Əməliyyat etdiyim xəstə ilk dəfə iki övladının üzünü gördü. Qarşılaşdığım mənzərəni izah edə bilmirəm.

Bunu Oxu.Az-a açıqlamasında Nigeriyada 25 yaşlı qızın gözünü əməliyyat edən Azərbaycanlı həkim-oftolmoloq Mehriban Əlizadə bildirib.

Onun sözlərinə görə, Nigeriyada 800 xəstənin gözü əməliyyat olunub:

"Getdiyimiz bölgədə demək olar ki, göz həkimi yoxdur. Müxtəlif xeyriyyə təşkilatları bu cür əməliyyat edirlər. Mən də türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya getdim. Biz orada xəstələri müayinə edir, əməliyyatlara ehtiyacı olanı əməliyyat edir və dərmanlarını verirdik.

Çünki onlar uzun yolu piyada gəlir, xəstəxananın həyətində günəşdə gözləyirdilər. Beş göz həkimi idik və 10-11 günün içində komanda olaraq 800 xəstənin gözünü əməliyyat etdik. Mən 70-ə yaxın əməliyyat etdim”.

Mehriban Əlizadə qeyd edib ki, Xədicə əməliyyatdan sonra ilk dəfə övladlarını görüb: 

"Orada yaşayan insanların vəziyyəti acınacaqlıdır. Yeməkləri, həyat tərzləri düzgün deyil. Səhiyyə xidmətləri yox dərəcədədir. Qəza, zədə olan zaman insanlar ölümə məhkum ola bilər. Uşaqlar acdır. Bəzi uşaqlar orada susuzluq və aclıqdan vəfat edir. 

Əməliyyat etdiyim Xədicə Şəfahatü 25 yaşında idi. O, uşağını müayinəyə gətirmişdi. O zaman gördüm ki, Xədicənin gözləri çox qəribə baxır. Katarakta (mirvari suyu) xəstəliyindən əziyyət çəkdiyini düşündüm, müayinə etdik. 

Özü də dedi ki, uşaqlıqdan belədir. Demək olar ki, görmür. Sadəcə işığı görür. Əməliyyat təklif etdim və qəbul etdi. Əməliyyat uğurlu keçdi. Əməliyyatdan öncə şəkil çəkdirən zaman gülümsəməsini istədik, qadında bu alınmadı. Əməliyyatdaт sonкa isə sadəcə gülürdü... 

Bu gülüşü görən zaman çox xoşbəxt oldum. Çünki, əməliyyat etdiyim xəstə ilk dəfə idi ki, iki övladını gördürdü. Bu cür hiss yaşamaq gözəldir. Yenidən Afrikada xeyriyyə işində iştiкak edəcəm”.

Mehriban Əlizadə qeyd edib ki, Azərbaycanda da bu cür xeyriyyə aksiyası olsa, qoşulmağa hazırdır.

Qeyd edək ki, Nigeriyada 25 yaşlı qızın ilk dəfə görməsini reallaşdıran azərbaycanlı həkim Mehriban Əlizadə mətbuatda və sosial şəbəkələrdə maraqla qarşılanıb.