Sənət 10:54 17.01.2017

Nobel mükafatçısının bir gecəlik həbsxana macərası

Ədəbiyyat üzrə Nobel mükafatçısı, məşhur çilili şair Pablo Neruda memuar kitabı "Etiraf edirəm: yaşamışam"da 1957-ci ildə Argentinada necə həbs olunmasından yazıb. Hətta həbsxanada belə gözətçilər, sıravi əsgərlər şairi böyük sevgiylə qarşılayıblar. 

Qaynarinfo.Az Nerudanın öz qələmindən onun həbsxana macərasını təqdim edir:

"Buenos-Ayresdə həbs olunmağım"

1957-ci ilin Aprelində Seylon adasında (indiki Şri-Lanka - red) təşkil olunacaq sülh konfransına dəvət edilmişdim. İllər əvvəl yaşadığım adanı yenidən görəcəkdim. Məxfi polislə üzləşmək o qədər də təhlükəli hesab olunmur, ancaq bu məxfi polis Argentinadadırsa, axırda vəziyyət qeyri-müəyyən və biraz da gülünc şəklə düşə bilər. 

Həmin axşam Çilidən Buenos-Ayresə təzəlikcə çatmışdıq. Yorğun-arğın və biraz da narahat halda özümü dərhal yatağa atdım. Bir neçə gündən sonra uzaq ölkələrə olan səfərimizə davam edəcəkdik. Di gəl, təzəcə yuxuya getmişdim ki, otağıma bir dəstə polis daxil oldu. Böyük maraqla hər şeyi eşələməyə, kitabları, qəzetləri müsadirə eləməyə, paltarlarımdan tutmuş alt geyimlərimə qədər hər şeyi axtarmağa başladılar. Evində qonaq olduğum argentinalı dostum da yanlarında idi. Əvvəlcə bütün evi axtarmışdılar, sonda da ən arxadakı bu otağa gəlmişdilər. 

"Kimdir bu cənab?", - deyə soruşdular. 

Dedim ki, adım Pablo Nerudadır.

"Xəstədirmi?", - arvadımdan soruşdular. 

"Bəli, xəstədir və səyahət onu çox yorub. Bu gün gəlmişik, sabahsa təyyarəylə Avropa səyahətimizə davam edəcəyik". 

"Çox gözəl, çox gözəl", - deyib otaqdan çıxdılar. 

Bir saatdan sonra yenə gəldilər. Bu dəfə təcili yardım maşını da gətirmişdilər. 

Matilda etiraz eləməyə başladısa da, nahaq yerə, bir nəticə hasil eləyə bilmədi. Onlara əmr verilmişdi. Məni özləriylə aparacaqdılar. Dəxli yoxdu yorğunuydum, ya deyildim, xəstəydim, ya salamat, diriydim, ya da ölü...

O gecə yağış yağırdı. Buenos Ayresin qaranlıq səmasından yağış sel kimi yerə tökülürdü. Mat qalmışdım. Peron çoxdan ölkədən xaric edilmişdi. General Aramburu demokratiya naminə distatorluğa son qoyduğunu bəyan etmişdi. Buna baxmayaraq, niyə, necə və kimin əmriylə olduğunu bilmədən həbs olunmuşdum. Üstəlik, yorğun və xəstə idim. Dörd polis üçün üstündə olduğum xərəyi otaqdan çıxarmaq, pilləkənlərdən düşmək, liftə minmək böyük problem oldu. Hələ dəhlizdən keçəndə bu dörd nəfər işçi tərləyib təngnəfəs qaldılar. Matilda da sanki onları cin atına mindirmək istəyirmiş kimi məlahətli səsiylə dedi ki, çəkim yüz on kilodur. Burnumun ucuna qədər örtündüyüm sviterlərdə və paltoda doğrudan da elə görünürdüm. Argentina demokratiyasının sərəncamıma verdiyi xərəyin üzərində Osomo Vulkanı kimi parıldayırdım. Tromboflebit  xəstəliyinin verdiyi bütün əziyyətləri unudub, xərəyimi bu biçarə dörd məmurun deyil, General Aramburunun inildəyərək, alnından tərlər axıdaraq daşıdığını gözlərimin qarşısına gətirib şənlənirdim.

Həbsxanada ənənəvi prosedurdan keçdim. Məhkumun dəftərdə qeyd olunması, şəxsi əşyanın müsadirəsi kimi şeylər. Darıxmayım deyə arvadımın oxumaqçün mənə verdiyi detektiv romanı belə müsadirə etdilər. Lakin darıxmağa doğrudan da vaxt tapmadım. Məni kamerama apardılar. Dəmir barmaqlıqlı qapılar səs-küylə açılıb örtüldü. Xərəyin üstündə dəhlizlərdən və daxili həyətlərdən keçdim. Və birdən özümü böyük bir insan kütləsinin içində tapdım. Bu adamlar həmin gecə həbs edilənlər idi. Ümumilikdə 2000 nəfərdən çoxuydular. 

Məni tək adamlıq kameraya saldılar. Heç kim mənlə danışmamalıydı. Buna baxmayaraq, kamerama əlimi sıxmaq üçün dostlar gəlib getdilər. Qapımda növbədə dayanan əsgərlər belə, silahlarını divara söykəyib üzərinə imza atım deyə mənə kağız parçaları uzatdılar. Xatirə imzası isəyirdilər. 

Kameram ən yuxarı mərtəbədə, binanın ən uzaq küncündəydi. Pəncərələri hündürdə idi. Artıq bircə dərdim istirahət etmək, yatmaq, ancaq yatmaq idi. Bacarmadım, çünki hava artıq ağarmaq üzrəydi. Çöldə yuxudan duran digər məhkumlar səs-küy qoparırdılar. Səs-küy elə güclüydü ki, bir ara özümü Riverlə Boka komandaları arasındakı futbol matçında hiss elədim. Saatlar sonra, argentinalı yazarların və dostların cəhdləri nəticəsini vermişdi. Məni kameramdan çıxarıb tibb məntəqəsinə apardılar, əşyalarımı geri qaytardılar və azad etdilər. Həbsxananın qapısından çıxmaq ərəfəsində isə, uniformalı bir nəzarətçi əlimə bir kağız parçası dürtüşdürdü. Mənə həsr olunmuş, adi misralarla yazılmış bir şeir idi. Xalqın bütün səmimiliyi və saflığıyla qələmə alınmışdı. Əminəm ki, çox az şair onun nəzarətçisi olması əmr edilən bir insandan belə bir hədiyyə alıb. 

Pablo Neruda

"Etiraf edirəm: yaşamışam" kitabından

Tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az