Dünya 14:30 10.10.2017

Nobel Sülh Mükafatının sahibindən Trampa nüvə müraciəti

Nobel Sülh Mükafatının sonuncu sahibi olan "Nüvə silahlarının ləğv edilməsi üzrə təşkilat"ın (ICAN) direktoru Biatris Fin ABŞ prezidenti Donald Trampa müraciət edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT-nin mərkəzində mətbuat konfransında çıxış edən Fin ölkələri nüvə silahlarının məhvinə razı salmaları üçün artıq daha çox imkanın yaranacağını bildirib.

50-dən çox ölkənin imzaladığı "Nüvə Silahlarının Qadağan edilməsi" razılaşmasına diqqət çəkən direktor daha çox ölkə ilə bu məsələdə razılığa gəlmək istədiklərini deyib, lakin Şimali Koreya və ABŞ-la danışıqların nəticəsiz qalacağını bildirib. Biatris Fin həmçinin əlavə edib ki, Donald Tramp İranla imzalanmış nüvə razılaşmasından imtina etməməlidir. 

Qeyd edək ki, təşkilat bir neçə gün əvvəl Nobel Sülh Mükafatının qalibi elan edilib.

ABŞ və İran arasında münasibətlər kəskinləşəndən sonra Tramp İranın nüvə fəaliyyətinə məhdudiyyətləri tətbiq edən razılaşmadan imtina etmək istəyir.

Gülşən

Qaynarinfo.Az