Sənət 17:36 10.10.2019

2018-2019 Ədəbiyyat üzrə Nobel ödülçüləri kimdir: Diktatorun tərəfdarı... (DOSYE)

2018 və 2019-cu il üzrə "Nobel Ədəbiyyat Mükafatı"nın sahibləri açıqlanb. 
 
Qaynarinfo mükafatın yeni sahibləri avstriyalı yazıçı Peter Handke və polşalı yazıçı Olqa Tokarçuk barədə məlumatları təqdim edir.
 
2019-cu il Nobel Ədəbiyyat Mükafatının sahibi avstraliyalı yazıçı, ssenarist, rejissor, tərcüməçi Peter Handke 1942-ci il 6 dekabrda Avstriyanın Qrifen şəhərciyində anadan olub. XX əsrin 2-ci yarısında Alman dilli ədəbiyyatın ən orijinal nümunələrinin yaradıcısı hesab edilən P.Handke 1961-1965-ci illərdə Qraz Universitetində hüquq təhsili alıb. Onun ictimaiyyətə təqdim etdiyi ilk ciddi əsəri "Tamaşaçıları təhqir etmək" (1966) adlı dramıdır. Peter Handke karyerası ərzində bir çox dram əsərləri və ssenarilər yazıb. Onun ssenarisini yazdığı və rejissorluq etdiyi "Sol əlli qadın" filmi 1978-ci ildə tamaşaçılara təqdim edilib və "Qızıl Palma" mükafatına namizədlər arasında yer alıb. Film tarixinin ən yaddaqalan ekran əsərlərindən olan "Arzunun qanadları" (rejissor Vim Venders) filminin ssenarisinin böyük hissəsinin müəllifi məhz Peter Handkedir. 

Handke yaradıcılığı dövründə qısa hekayələr, esselər, radio dramlar, avtobioqrafik əsərlər yazıb. Müəllifi olduğu sənət əsərlərindən biri 1992-ci ildə ssenarisini yazdığı və rejissorluğunu etdiyi "Yoxluq" filmidir.

Peter Handke 2006-cı ildən sonra siyasi fikirləri ilə əlaqədar xüsusilə tanınıb və ictimai qınağa tuş gəlib. O, Yuqoslaviyanın sabiq prezidenti, soyqırım və müharibə cinayətlərində ittiham edilən Slobodan Miloşeviçin cənazəsində ona dəstəyini nümayiş etdirib və narazılıqla qarşılanıb. Həmin il yazıçı "Heinrix Heyne" mükafatının qalibi elan edilsə də, mükafatdan imtina edib.

Yazıçı "Frans Kafka Mükafatı" (2009), "Vilenika Beynəlxalq Ədəbiyyat Mükafatı" (1987), "Amerika Mükafatı" (2002) və s. nüfuzlu mükafatlara layiq görülüb. 

2018-ci il Nobel Ədəbiyyat Mükafatının sahibi polşalı yazıçı, ictimai fəal Olqa Tokarçuk 1962-ci il 29 yanvarda anadan olub. Tokarçuk Varşava Universitetində psixologiya üzrə təhsil alıb. Yeniyetməlik dövründə özünü şeirdə sınayan yazıçının ictimaiyyətə təqdim edilən ilk romanı "Kitab insanlarının səyahəti", çap olunan ilk kitabı isə şeirlərdən ibarət "Güzgülərdə şəhərlər" (1989) olub. Yazıçı ədəbiyyat sahəsində fəaliyyətlərinə görə, "Nike Əbədiyyat Mükafatı", "Beynəlxalq Buker Mükafatı" və digər mükafatları əldə edə bilib. O.Tokarçuk "Beynəlxalq Buker Mükafatı"nı əldə edən ilk polyak yazıçısı kimi tarixə düşüb. O, 2018-ci ildə "Uçuşlar" kitabına görə bu uğuru əldə edə bilib. Yazıçı 1998-ci ildə yazdığı "Günün evi, Gecənin evi" romanına görə 2004-cü ildə "Dublin Ədəbiyyat Mükafatına" layiq görülüb.

Tokarçukun müəllifi olduğu "Dünyanın ən çirkin qadını" hekayəsi 2011-ci il Avropanın ən yaxşı fantastik hekayələri antologiyasında yer alıb. O, "Sonuncu hekayələr", "Çoxsaylı nağarada ifa etmək", "Milad hekayələri" və s. kitabların müəllifidir.

Gülşən