Dünya 18:04 18.10.2018

Nüfuzlu xəbər agentliyinin işçiləri 3 saatlıq tətil etdi

Bu gün səhər saatlarında Frans Press Agentliyinin işçiləri 3 saatlıq tətil ediblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb agentliyin yeni baş icraçı direktoru Fabriz Fraizin işçilərin sayını azaltması barədə təklifi olub.

Təklifdə qeyd olunur ki, qarşıdakı 5 il ərzində şirkət işçilərinin sayı 5 faiz azaldılacaq. Bu, 160 işçinin təqaüdə göndərilməsi və sadəcə 35 yeni işçinin işə qəbul edilməsi səbəbindən olacaq.

İşçi sayının azaldılması proqramı şirkətin bütün departamentlərinə təsir etdiyindən işçilər buna etiraz ediblər.

Hazırda xəbər agentliyi zərərlə işləyir. Frans Press Agentliyinin açıqladığı məlumata görə, yaxın 5 ilərzində heç bir tədbir görülməsə kəsir 90 milyon avroya çatacaq. Fraizin təklifi isə 2023-cü ilə qədər bu xərcləri 16,5 milyon avro azaltmağa istiqamətlənib.

Təklif olunan inkişaf strategiyası üçün səsvermə bu gün saat 18:00-da keçiriləcək.