Dünya 16:43 19.01.2022

Növbəti ABŞ-Rusiya görüşü necə nəticələnəcək? - Politoloq

"Tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fuad Çıraqov iki gündən sonra ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Ukrayna məsələsilə bağlı olacaq görüşü şərh edərkən deyib. Ekspertin fikrincə, Ağ Ev Rusiyanın tələblərilə razılaşmayacaq:

"Rusiya Xarici İşlər Nazirliyinin saytında Rusiya-ABŞ və Rusiya-NATO arasında Moskvanın istədiyi müqavilə layihəsi dərc olunub. Əslində bu müqavilə layihəsi yox, Rusiyanın tələblərinin siyahısıdır. Moskva bu tələblər siyahısının nəzərdən keçirilməsi və cavab verilməsi üçün bir həftə vaxt verib ki, həmin vaxt da yanvarın 20-də bitir. Görünür, bu tələblərə cavab olaraq da ABŞ dövlət katibi Entoni Blinken cavab təklifi hazırlayıb. Onun əsasında da üzümüzə gələn cümə günü məsələni müzakirə edəcəklər. Məsələ ondadır ki, Kremlin tələbləri həddən artıq böyükdür. Ona görə də bir çox Qərb ekspertləri həmin tələblərlə ABŞ-ın razılaşacağını qeyri-real hesab edirlər”. 

Həmsöhbətimiz qeyd edir ki, Ukrayna ətrafında proseslərin bundan sonra necə cərəyan edəcəyi Rusiyanın tələblərinə Vaşinqtonun nə ilə cavab verəcəyindən asılıdır:

"Tərəflər arasında hər hansı bir ortaq məxrəcə gəlinəcəyi hələlik o qədər də inandırıcı görünmür. Eskalasiya artır. Bu fonda Blinkenin görüşünün məqsədi də, ola bilsin, yaranmış vəziyyəti müharibə astanasından geri qaytarmaq cəhdidir. Bunun alınıb-alınmayacağını indidən söyləmək çətindir. Hər halda Ukraynada müharibə ehtimalı böyükdür”. 

Rüfət Sultan