Çingiz Səfərli
Dünya 09:54 12.09.2018

O ölkədə milçəyə də embarqo qoyulub

Çingiz Səfərli 
 
Yaponiyadan üzüyuxarı qalxırıq. Ölkə büsbütün qıpqırmızı bayraqlara bürünüb. Hərə bir tərəfdə oturub, içdən-içə köks ötürür.
 
Həyatımda hələ belə etiraz görməmişdim. Düzü heç düzəməlli etiraz da göməmişəm desəm, yanılmaram. Hamı bağırırdı, amma heç kəsin səsi çıxmırdı. Həqiqətən o böyüklükdə əyalətdə elə bir sükut vardı ki, milçək uçsa səsi eşidilərdi, amma o da uça bilmirdi. Görünür, milçəyə də embarqo qoyulmuşdu.

Tərcüməçimin köməkliyi ilə camaatla danışıb, hal-əhval tutdum, problemlərini az-çox öyrənməyə, bu nacizanə ölkə - Şimali Koreya barədə bir qədər məlumat toplamağa çalışdım. Düzü şimaldakıların çoxu danışmaqdan çəkinirdi, qorxduqlarından yaxına gəlmirdilər.

Güc-bəla ilə öyrəndiyimə görə, ölkənin yek və tək lideri, mütləq hakimi Kim bu yaxınlarda qərar imzalayaraq, xəzinədən böyük miqdarda pul ayırmış, elə o gündən bizim olduğumuz Hwanghae əyalətində (Cənubi Koreya ilə sərhəddə olan Panmunjom kəndi burada yerləşir) böyük "islahat"lara start vermişdi. Normalda hər yerdə tikinti aparılmalı olsa da, burada ucdantutma söküntülər gedirdi. Deyəsən bir balaca şişirtdik, amma vəziyyət aşağı-yuxarı elə bu təhər idi. Yoxsa yenicə tikilmiş binanı uçurub təzədən niyə tikəsən ki?! Qısası tikinti öncəsi hər yerdə söküntülər aparılırdı. Əyaləti başdan-ayağa toz-duman bürümüşdü.
 
Sakinlərdən Cji Sin In deyir ki, burada avtoritar rejim təhsil ocaqlarına qədər gəlib çıxıb: "Liderin bizim əyalətə rəhbər təyin etdiyi şəxsin bir oğlu var. Mərkəzdə böyük bir dərnək yaradıb. Ayda nə az, nə çox düz 2 dəfə bütün məktəblərdə məcburi imtahanlar keçirilir. Hər imtahanın da qiyməti 2000-2300 vonadır (təxminən 3-4 manat arası)".

Sin deyir ki, bu imtahanlar keçiriləndən camaatın olan-qalan qəpik-quruşunu da əllərindən alıblar: "İmtahanların da bir xeyri olsa dərd yarı. İstəsələr bu tip imtahanlardan hər müəllim özü şagirdləri üçün təşkil edə bilər".

O, birdən gülə-gülə dedi ki, bəs məktəbimiz ötən il ali məktəblərə qəbulda 100 faizli nəticə göstərib. Bir qədər təəccübləndim. Düşündüm ki, təhsilin keyfiyyəti bu qədər yüksəkdisə, qalan hər şeyi hardasa bağışlamaq olar. Amma maraq güc gəldi və soruşdum ki, bəs axı ucqar bir dağ yerində belə yüksək göstərici necə ola bilər? Dedi ki, çox sadə. Əgər məktəbi 1 nəfər bitirirsə, bu mümkündür. Bəli həmin il məktəbi 1 nəfər bitirmişdi və həmin uşaq da pullu ixtisasların birinə qəbul olmuşdu. Nəysə, söhbətləşə-söhbətləşə bazara tərəf getdik. Deyərdim, bəlkə dünyanın ən bahalı bazarı elə bura idi. Sinin dediyinə görə bir vaxtlar burada soğanın, kartofun kilosu 3000 vonaya (təxminən 2-3 Azərbaycan manatı) qədər qalxıbmış. İndi vəziyyət bir qədər normallaşmışdı. 1000-1500 vona, yəni 1,30-1,50 AZN. Əslində bu qiymət onların büdcəsinə elə də böyük təsir etmirdi. Koreyalılara nə var ki, onlar yeməkdə bizlər qədər seçici deyillər. Nə tapsalar, elə onu da yeyib, şükr edirlər.

Bax uzaq Koreyada vəziyyət bu cürədir. Ümid Avropa ilə dostlaşmağa və Trampla baş tutacaq növbəti görüşə qalıb. Edə bilsə, bəlkə, o, nəsə etdi. İndi bütün şimali koreyalılar səbirsizliklə ABŞ prezidentinin yolunu gözləyirlər! Sin deyir ki, münasibətlər qaydasına düşsə, aş bişirtdirəcək.