Ölkə 12:14 17.02.2016

Onkoloji xəstəxanadan dəhşətli görüntülər - FOTOLAR

"Sanki xəstəxana rəhbərliyi pasientlərə “onsuz da öləcəksən, fərqi nədir necə xəstəxanadır” demək istəyib"

Qaynar.info bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycanın ikinci böyük şəhərində-Sumqayıtda fəaliyyət göstərən Onkoloji Xəstəxana bərbad vəziyyətdədir. Necə deyərlər, bura sağlam gələn xəstə gedər. Xəstəxanada çəkilmiş fotolardan məlum olur ki, burada sanitariya normalarına əməl olunmur və binanın təmirə ciddi ehtiyacı var.

"Günümüzün reallığıdır. Hətta bu xarabazarda belə, pulun yoxdursa, burdan yalnız meyitin çıxar"-deyə sosial şəbəkədə xəstəxananın fotogörüntülərini paylaşan Şakir Eminbəyli bildirib. Onun paylaşdığı həmin şəkillər sosial şəbəkədə müzakirələrə səbəb oldu.

Əzizə İsmayılova bildirdi ki, zatən insanlar onkoloji xəstəlikdən əziyyət çəkdiyini biləndə həyata sevgisi bitir: "Bu azmış kimi onlar bu tualetdən, bu mətbəxdən, bu palatalardan istifadə etməklə yaşamaq uğrunda mübarizə aparırlar və buna məcburdular.

El dili ilə desək, iti quyruğundan bağlasan da burda saxlamaq olmaz. Amma insanları burda yatmağa məcbur edirlər. Hansı ki, o insanların başqa seçimləri və məkanları yoxdu".

Şəkilə yazılan maraqlı rəylərdən birini Arzu Məmmədova yazmışdı: "Bu xəstəxana ucqar kənddə deyil, Sumqayıt şəhərindədir. Fotolara baxanda sanki xəstəxana rəhbərliyi pasiyentlərə "onsuz da öləcəksən, fərqi nədir necə xəstəxanadır" demək istəyib. Nə bilim vallah..."

Sumqayıt Onkoloji Xəstəxanasının vəziyyəti ilə bağlı "Bizim Yol"-un Səhiyyə Nazirliyinə göndərdiyi sorğuya cavab verilib: "Son bir neçə il ərzində 600-dən çox tibb müəssisəsi əsaslı təmir olunub və ya yenidən tikilib. Lakin təmirə ehtiyacı olan müəssisələrdə vardır ki, onlarında təmir və yenidən tikilişinə dair təkliflər verilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın layihəsində Sumqayıt şəhər Onkoloji Xəstəxanasının tikintisi Səhiyyə Nazirliyi tərəfindən nəzərdə tutulub".

Qaynar.info