Ekonomiks 20:32 14.09.2020

OPEC gələn il üzrə Azərbaycanda neft hasilatı proqnozunu dəyişib

Gələn il Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 0,01 mln. barel azaldaraq 0,71 mln. barel səviyyəsində endiriləcək.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,72 mln. barel olacaq və bu proqnoz dəyişməz qalıb.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.
 

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.