Xəbər lenti

Opera və Balet Teatrında "Don Kixot" baletinin tamaşası keçiriləcək
Sənət 18:19 24.01.2017

Opera və Balet Teatrında "Don Kixot" baletinin tamaşası keçiriləcək

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan "Don Kixot" baletinin tamaşası keçiriləcək. 

Bu barədə məlumat Qaynarinfo.Az-a Opera və Balet Teatrının Mətbuat Xidmətindən daxil olub.

Məlumatda qeyd olunur ki, L.Minkusun 1877-ci ildə qələmə aldığı bu gözəl balet parlaq musiqisi və xoreoqrafiyası ilə hər zaman baletsevərlər tərəfindən  böyük maraqla qarşılanır. Dünyanın bir çox qabaqcıl teatrlarının səhnələrini bəzəyən "Don Kixot" 1973-cü ildən bəri fasiləsiz olaraq Azərbaycan Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur. 

Teatrımızın tamaşaçıları "Don Kixot" baletinin tamaşasında əsas rollarda yerli balet ustaları ilə yanaşı, vaxtaşırı həm də müxtəlif ölkələrdən dəvət olunmuş ulduzların çıxışlarını izləmək imkanına malikdirlər. 

Yanvarın 28-də keçiriləcək tamaşada baş rolları beloruslu balet ustaları ifa edəcəklər. Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Aleksandra Çijik Kitri, digər solist Konstantin Qeronik isə Bazil rolunda  çıxış edəcəklər. 

Belorus balet məktəbinin güclü nümayəndələrindən olan hər iki ulduz bir sıra balet müsabiqələrinin laureatlarıdır və bir çox ölkələrdə çoxsaylı qastrol səfərlərində olmuşlar. 

Onların ifası bakılı baletsevərlərə də artıq tanışdır. Azərbaycan Opera və Balet Teatrının səhnəsində onlar "Qu gölü", "Don Kixot", "Yeddi gözəl" baletlərinin tamaşalarında çıxış etmişlər. Qastrolçularla yanaşı tamaşada həmçinin balet truppasının solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Alsu Qimadiyeva, Tamilla Məmmədzadə, Samir Səmədov, solistlərdən Cəmilə Kərimova, Ayan Eyvazova, Timur Oduşev və b. çıxış edəcəklər.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->