Oğuzdakı yanğın tam söndürüldü, Qəbələdə isə...

Oğuzdakı yanğın tam söndürüldü, Qəbələdə isə...

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın ETSN-nin və FHN əməkdaşlarının əziyyəti və fədəkarlığı sayəsində 4 sentyabr 2017-ci il tarixində, gecə saat 4 radələrində tam olaraq söndürülüb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya daxil olan məlumata görə, Qəbələ MMBM-nin Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində isə yanğın nəzarətə götürülüb, onun tam söndürülməsi üçün ETSN-nin və FHN-nin hadisə yerində olan canlı qüvvəsi və texnikası operativ tədbirləri davam etdirir.

Hazırda Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə gərgin fəaliyyət göstərilir, həmin xətt boyunca yanğının qarşısının alınması istiqamətində fədakarlıq göstərilir. Bu gün operativ səhər toplantısında meşəçilər bu xətdən geri çəkilməyəcəklərinə və var qüvvələri ilə alovu dayandıracaqlarına söz veriblər. 

Xatırladaq ki, hadisə yerində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların 350-yə yaxın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri və texnikası yanğının qarşısını almağa çalışırlar. Qeyd olunduğu kimi yanğın zolağı yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən  yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir, mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtıllı traktorlar vasitəsi ilə su çənləri qaldırılır, əl əməyindən istifadə olunaraq vedrə və su tutumu olan qablarla söndürmə işləri aparılır.

Təxirəsalınmaz və operativ tədbirlər bu saatlarda da davam etdirilir. 

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR