Sənət 13:06 23.06.2014

Parıltı və dəbdəbə düşkünlüyü - KÖŞƏ

Cavid Ramazanlı

Parıltı və dəbdəbə dalınca qaçanların mütləq əksəriyyəti boş adamlardı, birmənalı şəkildə. Parıltı və dəbdəbə ehtirası insanı kiçildir, daxili aləmini səhraya çevirir. Nə olursa olsun, diqqət mərkəzində olmağa, işıldamağa can atan insan natamam məxluqdur. O heç vaxt kifayətlənmir, ömrü boyu paxıllıq edir. O, digər parıldayan məxluqları görür, ya onlardan geridə olduğu üçün, ya da onu ötüb keçərlər deyə içi-içini yeyir. O qeybət edir, qaralamağa çalışır, müvəqqəti qələbələr qazanır, müvəqqəti sevinclər yaşayır, əzab çəkir, məğlub olur, həsəd aparır, heç vaxt rahat ola bilmir. Çünki onun bütün dünyası saxtadır, onun idealları saxtadır, o, özü də saxtadır, o ancaq göstərişdən ibarətdir...

Biz özümüz də belə bir balaca dünyada yaşayırıq. Bizim yaşadığımız Bakı şəhəri dünyanın ən dəbdəbəli, cah-calallı şəhərlərindən biridir. Son 10 ildə pulun nələrə qadir olduğuna öz gözlərimizlə şahiq olduq. Kirli-paslı bir şəhər tamamilə dəyişdi, indi hər tərəfdə buludları yaran göydələnlər, brend firmaların mağazaları, lüks otellər, restoranlar, bahalı avtomobillər, mərmərdən parklar var, indi daha çox makiyaj, daha çox pudra, daha çox bər-bəzək var. Ancaq ən əsas məsələ ruhdur, şəhərin də ruhu yoxdur. Bu şəhər bizdən uzaq, soyuq və sünidir. Halbuki əvvəlin Bakısı kirli-paslı olsa da, daha doğma idi. İndi heç bir plebey bu şəhərin ona aid olduğunu deyə bilməz. Yadınıza salın, Bakıda hansısa sevdiyiniz məkan varmı ki, gedib orada oturub uzun müddət özünüzlə tək qala biləsiz? Hansısa bir yer varmı ki, tam ürəyinizcə olsun, ora sizin olsun, mənzərə sizin olsun? Yoxdur, belə yerlərin hamısı zənginlərin nəzarətindədir, hətta dəniz kənarları da hasarlanıb. Sizə qalan “Tarqovı” və bulvardır. Gedin biraz gəzin, sonra da qayıdın evinizdə oturun. Bu şəhər ki sizin deyil, milyonçularındır onların da öz qayda-qanunları var...

Tarix boyu filosoflar, yazıçılar, düşünən insanlar təmtəraq, qlamur dünyasına istehzayla, ikrahla yanaşıblar. Pulun, təmtərağın hakim olduğu yerdə həqiqi mədəniyyət, incəsənət, estetika, gözəllik ola bilməz. Saxta bir şeyin həqiqi bir şey yaratmasını gözləmək qədər absurd bir şey mümkündürmü? Amma düşüncə insanlarının arasında da bu göstəriş dünyanın tələsinə düşənlər olub. ABŞ-ın yüksəlişə keçdiyi, pul erasının başladığı ilkin dövrdə Skot Fitscerald adlı yazıçı bu dünyadan yazırdı. Böyük istedad sahibi Fitsceraldı gəncliyində Amerika ədəbiyyatının gələcəyi hesab edirdilər, amma zəngin həyat, dəbdəbə sevgisi onun axırına çıxdı. Heminquey parıltı düşkünü olduğuna görə Fitsceraldı həmişə dolayırdı, halbuki Fitscerald başlanğıcda ondan qat-qat istedadlı yazıçı sayılırdı.

Heminquey “Klimancoranın qarları” əsərində Fitsceralddan yazır. Bu əsərdə də zənginlər dünyasının parıltısına aldanan bir yazıçının həyatının son günlərindən bəhs edilir. O, özünü təmin etmək üçün varlı bir qadınla evlənir və həyatını yağ-bal içində keçirir. Nəhayət, ölüm onun yaxasından yapışanda, həyatının son günündə o, necə böyük bir səhv elədiyini, ruhunu itirdiyini, bütün ömrünü bada verdiyini anlayır və həmin an Skot Fitsceraldı xatırlayır: “Varlılar - darıxdırıcı insanlardı, onların əllərindən gələn şey ancaq çoxlu içmək, ya da çoxlu triktrak oynamaqdı. Hamısı bir bezin qırağıdırlar, darıxdırıcırdılar, vəssalam. O, yazıq Skot Fitsceraldı və onun zənginlərin qarşısındakı coşğun təzimini xatırladı. Bir dəfə o, bu cümləylə başlayan hekayə yazmışdı: "Varlılar sənin, mənim kimi deyillər". Və kimsə Fitsceralda belə demişdi: "Hə, düzdü, onların daha çox pulu var". Ancaq Fitscerald zarafatları başa düşmürdü. O, onları əsrarəngiz dumanla örtülü xüsusi bir irq hesab edirdi. Amma bir gün başa düşdü ki, onlar heç da onun düşündüyü kimi deyillər və bu, onu hər şeydən daha çox məhv etdi...”

Fitsceraldın demək olar ki, cəmi bir dənə məşhur əsəri var, o da elə zənginlərin həyatından bəhs edən "Böyük Getsbi" romanıdır. Bu əsər də onun ölümündən sonra məşhurlaşıb. Keçən il Leonardo Di Kaprionun baş rolda çəkildiyi “Böyük Getsbi” filmi bu romanın ssenarisi əsasında çəkilmişdi. Film yaxşı alınmışdı, xeyli də baxıldı, müzakirə edildi, amma çox az adamın xəbəri oldu ki, ssenari Fitsceraldın romanı əsasında çəkilib. O Fitsceraldın ki, varlıların həyatından yazmaq üçün öz həyatını zay eləmişdi. “Böyük Getsbi” parıltı və dəbədəbə dünyasını məharətlə ifşa edən şedevr ədəbi nümunələrdən biridir...

Kasıb bir oğlan olan Getsbi zəngin bir qıza vurulur, onu əldə eləmək üçün varlanmağı həyatının bir nömrəli məqsədinə çevirir. Qadına qovuşmaq üçün bütün cinayətləri işləyir, kriminal dünyanın lordlarından birinə çevrilir. Bahalı ziyafətlər, partilər verir. Bütün varlılar onu sevməyə, ətrafında pərvanə kimi fırlanmağa başlayırlar, onu şəhərdə haqqında ən çox danışılan əsrarəngiz milyonçu kimi tanıyırlar. Nəhayət, sevdiyi qadın onun hüzuruna gəlir, onlar qovuşurlar. Amma sonradan qadına bəlli olur ki, Getsbi əsil-nəcabətsiz adamdı, o, varı-dövləti cinayətlə qazanıb. Fərqi yoxdur, o bütün bunları qadının sevgisini qazanmaq üçün edib, əsas odur ki, Getsbi onların “irq”indən deyil, qadın onu atır və özünün xəyanətkar, kobud ərinin yanına qayıdır. Ən sonda da, Getsbi qəfildən elə sevdiyi qadının ərinin səhvi ucbatından, təsadüfən ölür. Onu öldürməli olan bir nəfər yanlışlıqla Getsbini öldürür. Sonda Getsbinin cənazəsi ortalıqda qalır. Onun ətrafında fırfıra kimi fırlanan zənginlərin biri də onun dəfninə gəlmir, ondan rahatlıqla üz döndərirlər. Çünki o artıq ölüdür, daha ziyafətlər, partilər verə bilməz, o, lazımsızdır. Onlar da gedirlər başqa yerdə parıltı, dəbdəbə və əyləncə axtarmağa. Hekayə də burada başa çatır...

ANN.Az