Foto 18:55 16.01.2022

“Paris Notr-Dama ithaf” tamaşası 10-cu dəfə Bakı səhnəsində (FOTOLAR)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli yazıçı Viktor Hüqonun "Paris Notr-Dam” əsərinin motivləri əsasında quruluşçu rejissor Samir Qulamovun səhnələşdirdiyi "Paris Notr-Dama ithaf” tamaşası 10-cu dəfə nümayiş olunub.

Teatrdan Qaynarinfo-ya bildirilib ki, İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan bu səhnə əsəri bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Təkcə fransız ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatı tarixində roman janrının yaradıcısı sayılan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı "Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanlarının taleyi az qala 200 ildir ki, yer kürəsinin müxtəlif qitələrində yaşayan milyonlarla oxucu və tamaşaçını maraqlandırır, düşündürür. Müxtəlif ölkələrin ən məşhur teatrları dönə-dönə bu əsərə müraciət edir, tanınmış kinorejissorlar sevimli qəhrəmanlarını daha geniş auditoriya təqdim etmək niyyəti ilə onların səhnə və ekran həyatını yaradırlar. "Paris Notr-Dam kilsəsi” və ya "Notr-Damlı Qozbel" adları ilə məşhur olan tamaşa və filmlərin yüz milyonlarla tamaşaçısı var.

Əsərdə "Notre-Dame de Paris” müziklına görə "Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların – Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist– Nadir Xasıyev, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.

Teatrsevərlərin hədsiz marağını nəzərə alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər ay bu tamaşanı repertuar cədvəlinə əlavə edir.

Qeyd edək ki, Viktor Hüqonun 220 illik yubileyi ilə əlaqədar tamaşanın növbəti nümayişi fevralın 27-də saat 19:00-da göstəriləcək.