Dünya 14:38 05.02.2018

Parlamentdə 2 mason təşkilatı üzə çıxdı: deputat və jurnalistlər hədəfdə

Böyük Britaniya parlamentində millət vəkillilərini, parlament işçilərini və parlament jurnalistlərini təsir dairəsinə almaqla məşğul olan iki mason lojası olduğu üzə çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu təşkilatlardan "New Welcome Lodge" (Yeni Qarşılama Lojası) parlament üzvlərini və parlamentin digər əməkdaşlarını, Qaleri Lojası isə parlament müxbirlərini təşkilatlarına üzv edirlər.

İldə 4 dəfə baş tutan mason yığıncağı mərkəzi London olan Birləşmiş Böyük Lojada (UGLE) keçirilir. UGLE yayılan iddiaları təsdiqləyib.

Verilən məlumatda masonluğa üzv olanların millət vəkili və ya jurnalist olmasının heç bir fərqinin olmadığı, təşkilata üzv olanlara eyni münasibə göstərildiyi bildirilib. Təşkilata üzv olanların adını cəmiyyətin reaksiyası və tənqidlərlərinə məruz qalmaqdan qorxduqları üçün açmadıqlarını deyən UGLE rəsmiləri qeyd ediblər ki, əslində bir şəxsin mason olub-olmamasını açıqlaması onun fəaliyyəti üçün heç bir maneə törətməməlidir.

Parlamentdəki "Yeni Qarşılama Lojası"nın 1926-cı ildə İşçi Partiyasından olan millət vəkillərini də buraya üzv etmək üçün yaradıldığı bildirilir. 1980-ci illərdə İşçi Partiyasından olan millət vəkillərinin əksəriyyəti mason təşkilatına üzv olub-olmadıqlarını açıqlamağa məcbur edildikləri üçün təşkilatdan ayrılıblar. Hazırda bu lojanın üzvlərinin sayının 30-40 arasında olduğu qeyd olunur ki, onların da böyük əksəriyyətini keçmiş parlament üzvləri təşkil edir.

Jurnalistləri hədəf alan Qaleri Lojasının isə 45-ə yaxın üzvü olduğu bildirilir. Lojanın keçmiş üzvləri arasında "The Times", "Daily Express" və "The Scotsman" nəşrlərinin müxbirləri var.

Qeyd edək ki, masonluq Böyük Britaniyada uzun illərdir cəmiyyətin müzakirə mövzusudur.