Ölkə 12:37 27.10.2021

Parlamentdə boş yerlər var: 20 milyon 6-7 yerin seçkisi üçün çoxdur... - Ekspert

"20 milyon manat parlament seçkilərinin keçirilməsi üçün çoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov 2022-ci ilin dövlət büdcəsinin layihəsində seçkilərin keçirilməsi və statistika tədbirlərinə 20 milyon 484 min 078 manat vəsaitin ayrılmasından danışarkən deyib. Ekspert bənzər xətt istiqaməti üzrə 2021-ci ilin büdcəsində də maliyyə vəsaitinin ayrıldığını xatırladıb:

"İlin sonu olmasına baxmayaraq, seçkilərlə bağlı hər hansı məlumat olmadı, yəni pul xərclənmədi. Ola bilsin, bu, 2022-ci il üçün nəzərdə tutulub. Erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı da belə müzakirələr vardı. Ola bilsin ki, hansısa formada hökumət bu istiqamətdə müəyyən ehtiyat variantlar üzərində işləməkdədir. Hazırda parlamentdə boş yerlər var. Bu vəsait boş qalan yerlərə seçkilərin keçirilməsi də üçün böyük vəsaitdir. Orada da 6-7 yerdən söhbət gedir”.
 
 

Rəşad Həsənov bildirib ki, büdcənin və Prezidentin ehtiyat fondu var:

"Zərurət yaranarsa, hər hansı birindən müəyyən qədər artımlar edilə bilər, baza formalaşdırılır. Yəni 50 milyon pul tələb olunursa, bunun dövlət büdcəsində 20 milyonu var, 30 milyonunu da bu fondlardan ayırmaqla maliyyələşməsini həyata keçirə bilərlər”.

Qeyd edək ki, Azərbaycanın gələn il üzrə dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün nəzərdə tutulan vəsaitin məbləği məlum olub. 2022-ci ilin dövlət büdcəsinin layihəsində seçkilərin keçirilməsi və statistika tədbirlərinə 20 milyon 484 min 078 manat vəsait ayrılıb.

Bahar Rüstəmli