Foto 09:30 16.01.2020

"Paşa Sığorta"dan vətəndaşın şikayətinə cavab (FOTO)

Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi ev 53 ünvanında yaşayan vətəndaş redaksiyamıza şikayət ünvanlayıb.


Sözügedən ünvanda yaşayan vətəndaş Əsgərov Seymur Tofiq oğlu Qaynarinfo-ya ünvanladığı şikayətdə torpaq sürüşməsi nəticəsində yararsız hala düşən evdə sığorta şirkəti tərəfindən ödəniş edilmədiyini deyib:

 

"Rayonda mənim bir evim var idi. Ev tikiləndən, sənədləşəndən sığortada idi. Keçən ilin iyun ayının 13-də torpaq sürüşməsi nəticəsində evdə çatlar əmələ gəldi və yararsız hala düşdü. Evin sığortalı olduğu "Paşa Sığorta" ilə əlaqə saxladım, nümayəndələrini göndərdilər, baxış keçirdilər. Mənimlə əlaqə saxlayacaqlarını bildirdilər, ancaq heç bir xəbər gəlmədi. İmtina barədə məktub da göndəriblər, həmin məktub da mənə gəlib çatmadı. Özüm gedib məktubun sürətini onlardan götürmüşəm.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası var idi, ora da şikayət eləmişdim, rəhbərliklərinə də bildirmişdim. Heç bir halda yenə əlaqə saxlamayıblar mənimlə. Maliyyə Bazarlarına Nəzarət Palatası "Paşa Sığorta"ya bildiriş göndərdi ki, vətəndaşın pulu ödənilsin. Bildirişin göndərildiyi 5 gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatası və vətəndaşa cavab verilsin. Yenə heç nə göndərmədilır. Lazım olan sənədləri də vermişəm, hadisənin nədən, haradan əmələ gəldiyini".

 

Vətəndaşın şikayəti ilə bağlı olaraq "Paşa Sığorta" ilə əlaqə saxladıq və qarşı tərəfin də məsələyə münasibətini öyrəndik. Şirkətin şikayətlər üzrə şöbəsindən saytımıza verilən açıqlamada bildirilib ki:

 

"Müraciət dərhal tərəfimizdən qeydiyyata alınmış və Əsgərov Seymur Tofiq oğlu bildirmişdir ki, çatların nə zaman, hansı şəraitdə və hansı səbəbdən meydana gəlməsi barədə məlumatı yoxdur. Bildiririk ki, AR Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələblərinə əsasən, siğortaçı hadisənin baş vermə faktını və ( və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün səlahiyyətli dövlət orqanlarına yazılı sorğu vermək öhdəliyi daşıyır. Lakin Əsgərov Seymur Tofiq oğlunun hadisənin təfərrüatları barəsində məlumat vermədiyindən sorğunun hansı dövlət orqanına təqdim edilməli olduğunu müəyyən etmək mümkün olmamışdır və buna görə imtina verilmişdir.

 

Belə ki, yalnız 18 dekabr tarixində AR Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən şirkətimizə təqdim edilmiş 733 saylı məktubda əmlaka torpaq sürüşməsi nəticəsində zərər dəydiyi bildirilmişdir. Lakin məktubda hadisənin nə zaman baş verməsi, eləcə də hansı təhqiqat sənədlərinə əsasən bu kimi qərar qəbul edildiyi barədə heç bir məlumat verilməmişdir. Bildiririk ki, təqdim edilən məktubda göstərilmiş məlumatların qənaətbəxş olmaması səbəbindən hadisənin təfərrüatlı araşdırılması və torpaq sürüşməsi faktının əsaslı olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə tərəfimizdən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə 18.12.2019-cu il tarixli 5511/1 saylı məktub təqdim edilmişdir.

 

Yuxarıda qeyd olunan sorğu məktubuna cavab verildikdə hadisənin tənzimlənməsi üçün tərəfimizdən qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atılacaqdır. Qeyd edək ki, hər bir etapda müştəriyə hadisənin statusu barədə ətraflı məlumat verilmişdir".

 

Röya Kərimli