Siyasət 12:36 24.02.2021

Paşinyanın etirafı Azərbaycana yeni şans verib... - Hərbi ekspert

"Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketindən istifadə edilməsi ilə bağlı etirafını şərh edərkən deyib. Ekspert Ermənistanın heç bir zaman beynəlxalq hüquq normalarına və müharibə qanunlarına əməl etmədiyini vurğulayıb:



"Biz azad olunmuş torpaqlara baxanda bunu görürük, onlar əraziləri darmadağın ediblər. Bu insanlıqdan uzaq fəaliyyətdir. Ermənistan müharibə vaxtı qadağan olunmuş silahlardan istifadə edib. O cümlədən bu gün Baş nazir səviyyəsində etiraf olunub ki, "İskəndər" raketindən istifadə edilib. Təəssüf doğrucu bir faktdır. Bu, hərbi cinayətdir".

Emin Həsənli qeyd edib ki, müharibədə 10 mindən artıq Ermənistan vətəndaşı məhv olub və 20 mindən artıq insan yaralanıb:

"Ermənistan deyir ki, Qarabağdakı müharibədə iştirak etmir. Bəs, Ermənistan Qarabağda nə gəzirdi? Minlərlə əsir, itkini vardı, meyitləri ortalıqda qalmışdı. Əsirlər qaytarılıb. Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Avropa Şurasında etiraf edir ki, Xocalıdakı cinayəti o törədib. Bundan başqa, Sərkisyan Britaniya mətbuatına müsahibəsində etiraf edib ki, Xocalı soyqırımını onlar törətmişdi ki, azərbaycanlılar qorxsun. Təəssüflər olsun, dünya bununla bağlı ölçü götürmədi. İndi də Paşinyan etiraflar edir".

Emin Həsənli hesab edir ki, Azərbaycan dövləti əvvəl haqq işini beynəlxalq aləmdə tanıtdırıb və torpaqların Azərbaycana aid olduğunu bütün dünyaya sübut edib:

"Təzminat davası açılacaq. Prezidentin tapşırığı ilə Azərbaycana dəyən ziyan hesablanır. Ermənistana müharibə cinayətləri ilə bağlı cəza verilməlidir. Xocalı soyqırımından bu günə kimi törətdiyi cinayətlərə görə Ermənistan təzminat ödəməlidir. Ermənistan cəzalandırılmalıdır ki, sabah hansısa bir dövlət bu cür vəhşiliklər törətməsin, qanunsuz addımlar atmasın".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər” raketindən istifadə olunduğunu bildirib. 

"1in.am" saytına müsahibə verən Paşinyan etiraf edib ki, müharibədə əslində "İskəndər”dən istifadə olunub, amma raketlərin çoxu partlamayıb.

Bahar Rüstəmli