Foto 15:44 26.07.2018

"Patron"dan açıqlama: Bu, bizə qarşı "qara kampaniya"dır - TƏKZİB (VİDEO)

Bir neçə gün əvvəl bəzi Azərbaycan xəbər saytlarının elektron ünvanına "Murad Həsənli" imzası ilə "Patron" tumları haqqında şikayət məktubu daxil olub.

Məktubda iddia olunurdu ki, hansısa Şabran sakininin (ad-soyad, əlaqə qeyd olunmur) aldığı "Patron" tumunun qablaşdırmasını açarkən içindən yad cisim çıxıb.

Məktub bir neçə saytda dərc olundu. 

Məsələni aydınlaşdırmaq üçün şikayət edən emailə yazaraq əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, şübhəli təsir bağışlayan bu emaildən cavab ala bilmədik.

Tərtər rayonunda fəaliyyət göstərən "Patron" günəbaxan tumlarının istehsalçısı Elşad Məmmədov ilə əlaqə saxladıq. E.Məmmədov bu cür məlumatların məqsədli şəkildə yayıldığını bildirdi:

"Bizim istehsal prosesindən az-çox xəbəri olan hər kəs bilir ki, belə bir hal qeyri-mümkündür. "Patron" günəbaxan tumlarının qablaşdırılması prosesi tamamilə avtomatlaşdırılıb. Məhsul qablaşdırmaya qədər bir neçə mərhələdən keçir. Qablaşdırmadan əvvəl xüsusi avadanlıq vasitəsi ilə məhsul ələkdən keçirilir. Bu ələk nəinki hər hansı yad cismi, hətta standart ölçüdə olmayan tumları belə qablaşdırmaya buraxmır. Belə halda daha böyük ölçülü yad cisim qablaşdırmaya necə düşə bilər? Hesab edirəm ki, bu, məqsədli şəkildə hazırlanan "qara kampaniya"dır. Biz bunu təəssüf hissi ilə qarşılayırıq. Bunu kimin etdiyini bilmirik. Amma hər kim edibsə, istər rəqiblərimiz olsun, istər hər hansı başqa bir adi şəxs, bunu heç bir Azərbaycan vətəndaşına yaraşdırmırıq".

E.Məmmədov onu da qeyd etdi ki, bu gün regionda fəaliyyət göstərməsinə baxmayaraq, bütün ölkə bazarına açılmağı bacaran azsaylı şirkətlərdən biridirlər: "Bizim uğurun sirri işimizi düzgün qurmağımızla bağlıdır. Biz həm ölkə iqtisadiyyatına, həm hər bir müştərimizə keyfiyyətli xidmət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bütün bunlar intizamlı fəaliyyətin, məsuliyyətli işin nəticəsidir. Bizə ən doğru qiyməti də məhz müştərilərimiz verir. Bu gün bazarda əhəmiyyətli paya sahib olmağımızda, inkişafımızda hər bir müştərinin payı var və buna görə onlara təşəkkür edirik".