Lalə Niftaliyeva
Ölkə 14:02 28.06.2018

"Paxmel" yazarın şortik inqilabı

Lalə Niftalıyeva

Günəş şüaları göz qapaqlarını deşir, bəbəklərindən beyninə qədər gedib çıxırdı. Beynini deşən təbii işığa fon musiqisi verən zəngli saatın səsi onda ürəkbulanma və baş gicəllənməsi yaratdı. Axşam yediyi kababla soğanın qarışıq iyi və mədəsinə çökən arağın qatılığını hiss etdi. Axşam evə necə gəldiyini xatırlamır. Deyəsən, o gələndə artıq arvad-uşaq çoxdan yatmışdı. Çünki dostları ilə Yasamalda, Ağamirzə kişinin yerinə çatanda saat artıq 12 idi. 

Ağamirzə kişini içməyə başlayandan tanıyır. Hələ o vaxtlar tələbə idi. Orda məclis qura bilməsələr də, dostlarla birgə üç-beş manatdan "atışıb", "çəkilmə" araqlarını alır, kirayə qaldıqları evdə rayondan göndərilmiş kənd çolpasından yeyə-yeyə vurardılar. 

Susadığını hiss etdi. Amma mədəsində baş verən özbaşınalıqdan sonra su içməyə də iyrəndi. Ağlından keçən ilk fikir "Daha içməyəcəm" oldu. Günə bu cümlə ilə başladığı hər axşam yenə eyni məclisin ortasında görərdi özünü.
  
Mətbəxdə həyat yoldaşı ilə göz-gözə  gəldi və qadın: "Uşaqları bağçaya aparmaq sənin növbəndir" deyib, işinə davam etdi. 

İşini sevmədiyini deyə, bilməzdi. Cəmiyyətin intellektual səviyyəsinə nisbətən, özünü ağıllı hesab edirdi. Hələ "Facebook"da 5000 dostu da onu bu fikrə inandırmışdı. Oxuduğu fikirlərin ağız burnunu bir az əyib mətbuatda çap etdirir və hər kəs onu yazıçı hesab edirdi.

Ədəbiyyata girişi şeirlə edib. Hələ o zaman türk şairlərini çox az adam bilirdi. O isə tanış olduğu bu şairlərin həyat tərzinə və xarizmasına yiyələnmək üçün dəridən-qabıqdan çıxırdı. "Niyə də yox"? deyib, elə ilk sərbəst vəznli şeirlərini yazmağa başladı. İçkiyə də elə həmin vaxtlar başladı. "Çəkilmə" arağın verdiyi cəsarətlə hər gecə bir az mentaliteti söyüb yerlə bir edərdi. Çünki, "yaradıcı ruh, inqilabçı ruhdur", deyirdi oxuduğu kitablar. 

Bu şöhrətin sayəsində fenomen olandan sonra müxalif saytların birində jurnalist-yazar olaraq işə də başladı. Uzun çəkmədi...

İndi isə ədəbiyyat portallarından birində baş redaktorudur. Evləndiyi xanım isə anasının adını bilmədiyi qohumlarından birinin qızıdır. Sevib evlənməsə də yoldaşından razıdır. Çünki onu olduğu kimi qəbul edir. "Kişi gəzər" prinsipini dəstəkləyən həyat yoldaşı artıq ona iki övlad da bəxş edib. Rayon qızı olsa da, ali təhsillidir. Di gəl arvadı ilə dostlarının içinə çıxmağı, onunla əylənməyi xoşlamır. Ətrafında onunla qədəh toqquşduracaq saysız-hesabsız gənc qızlarla əylənmək daha yaxşıdır. 

Elə axşma Ağamirzə dayının kiçik zirzəmisində baş tutan məclisdə Aytən də onunla birgə idi. Aytəni düşünməyə başladı. Əmin idi ki, növbəti görüşlərində onunla birgə evə gedə biləcək. Qız tək yaşayır, azad ruhludur. Elə dostluqları da fikirlərinin oxşarlığına görə yaranıb.

Axşam dostu Əhmədlə olan söhbətlərini xatırladı. Özlərini Azərbaycanın intellektual demokratları adlandırırdılar. Oxuduqları kitabların adları çoban salatına qarşıb mədələrinə dolurdu. Şiş-şiş gələn kabablar inqilabçı ruhlarını coşdurur, hərəsi "Facebook"da bir status yazırdı. 

Axşam şortik geyinən qızları dəstəkləyən status yazdığı üçün gənc qızlardan istədiyi reaksiyanı aldığını düşündü.

Birdən arvadının səsi zəngli saat kimi qulağında cingildədi: "Çimərlik paltarı geyinməyə qoymursan, heç olmasa, icazə ver, bu gün şortik alım. Dənizə şalvarla getmək istəmirəm".

Qulağında cınlayan səs, qabağa çıxan qarnını titrətsə də, onlar müasir ailə idi. Dava isə onun kimi bir insana yaraşan hərəkət deyildi. Ona görə də arvadının üzünə baxmadan "Sənin dənizdə işin yoxdu", deyib hamamın qapısını bağladı.

Səhər-səhər arvadının etdiyi hədsizlik qanını yaman qarltmışdı. Uşağı bağçaya qoyandan sonra səhər yeməyi yemək üçün açıq havada olan restoranlardan birinə üz tutdu. Parkın içinə yenicə girmişdi ki, bir jurnalist xanım yaxınlaşıb "Salam, sorğu edirik. İştirak etmək istəyərsiniz"? dedi. "Mən siyasətə qarışmıram, mən yazıçıyam" deyib, qızın yanından uzalaqlaşıb, "Azad həyat" restoranına daxil oldu...