Ölkə 12:48 10.09.2017

Payız fəsli üçün faydalı həkim məsləhətləri (AÇIQLAMA)

Son dövlər havada tozun miqdarının sanitar normadan 30-40 faiz artıq olması qeydə alınır. Bu da öz növbəsində sağlamlığa mənfi təsir göstərir, müəyyən problemlər yaradır. Xüsusilə, nəfəs yollarında, bronxial problemi olanlar belə vəziyyətdə ciddi narahatlıqlar keçirdir. 

Ümumiyyətlə, qarşıdan payız fəsli gəlir. Virus xəstəliklərinin də artacağı dönəmdə immuniteti gücləndirən, nəfəs yolarındakı qıcığı aradan qaldıracaq vasitələrə hər birimizin ehtiyacı var. 

“Qaynarinfo” sizə faydalı məsləhətləriylə kömək edə biləcək bioenergetik, fitoterapevt, parapsixoloq Rafiq Cərullayevin açıqlamasını təqdim edir: 


“Havada baş verən çirklənmə nəticəsində burun-boğaz xəstəlikləri, xroniki tonzillik, farengit, rinit, qaymarit və s. kimi xəstəliklər narahatlıqlar doğurur. Məsləhət görərdim ki, tənəffüs yollarının, bronxların xəstəliyində bu qarışımdan istifadə olunsun: Qaraqınıq, dəvədabanı, söyüd qabığı bitkilərini qarışdırıb qarışımdan 1 yemək qaşığı 250 qram olmaqla qaynar suda dəmləyib (emallı qabda) içmək sinəyə yaxşı təsir edə bilər. Bu qarışım həm də bədənin hərarəti yüksələndə çay kimi içilir. 

Eyni zamanda yumşaldıcı və bəlğəmgətirici kimi biyan kökü, gülxətmi, gicitikan, enli bağayarpağı, dəvədabanı bitkisindən istifadə etmək olar. Boğaz ağrılarında çobanyastığı, evkalipt ağacının yarpaqlarından tez-tez gün boyu ağız boşluğunu yaxalamaq faydalı olar. Ancaq ona da diqqət etmək lazımdır ki,  hər kəsin orqanizminin özəl xüsusiyyətləri var. Buna görə də hər xəstəliyi fərdi müalicə etmək lazımdır. Yəni, məsləhətdir ki, ciddi narahatlıq zamanı hər şeydən öncə həkimə müraciət olunsun. İmmunitet üçün isə gün ərzində bol miqdarda meyvə-tərəvəzdən istifadə olunmalıdır”. 

Nərmin Həsənli

Qaynarinfo.Az