Nazlı Ağayeva
Ölkə 09:39 11.03.2020

Çöpçünün oğlu Zeynəddinin koronavirusu...

Nazlı Ağayeva

...Xeyli gözləyəndən sonra eyni vaxtda iki boş taksi gəldi. Balaca şəhərdi, hamı bir-birini tanıyır. O cümlədən biz üçümz də. Onlar bir-birinin əlinə girmək istəmirlər, mən də onlardan birinin ürəyini qırmaq. Belədə altı-üstü qırx qəpiklik yoldu, amma bu o qırx qəpiyin bir çörək, "ştuçnu” neçəsə siqaret etdiyi həqiqətini dəyişmir. Saniyələr keçir, bəxtəbəxt birinə işarə eləyib yanında otururam. Sol ayağım qatlanmır qəzadan sonra. Arxada çox incidir deyə kimsə olmayanda instiktiv qabaqda otururam. Yerləşib qurtarmamış sürücü dalbadal asqırır, "sağlam olun” demək istəyəndə görürəm adamın sifəti od tutub yanır. Ha eləyirəm səsim çıxmır, eləcə başımı tərpədirəm. O da eynən səssiz reaksiya verib deyir ki, bir nömrəli məktəbin yanına qədər gedəcəkmiş, üzürlü sayım. Qırx qəpiyi qoyub aptekin yanında düşürəm.   

Əyər buna düşmək demək olarsa... On-on beş addımdan sonra çevrilib arxaya baxıram. Adam... aptekə girir. Bəs məktəb tərəfə gedirəm, demişdi axı. Demək, vəziyyət ciddidi. Soyuq tər basır canımı. Özümü öldürməyim gəlir. Pis-yaxşı uzaqlaşmışdım da. Arxaya baxmaq da nə idi? Hüqo kimi dahi deməmişdimi ki, qorxulu keçmişləri daim onları izləyir deyə bədbəxt adamlar arxaya baxmazlar. Yəni, cümlə eynən olmasa da, fikir belə idi. İndi bu qaydanı pozanda nə gözləyirdin ki? Arxadan kiminsə qaça-qaça gəlib, "bağışlayın, xoşbəxtliyiniz yerə düşmüşdü, onu gətirdim” deməyinimi? 

*

Marketdən bir-iki mənasız şey alıb qayıdıram. Əslində market-flan evdən çıxmaq üçün bəhanə idi. Bir az dəyişiklik olsun istəmişdim. O da maşallah, birdəfəlik oldu deyəsən. Ayaqlarım üzə durur. Qırx qəpikdən deyiləm, virusdan da. Sadəcə gözləmək zorundayam. İki-üç dəqiqə keçməmiş gözümün dibində qırmızı "Jiquli” dayanır... Tanış sifəti görən kimi özümü yandakı prokurorluğa atıb demək istəyirəm rayonda nə ki, açılmamış cinayət var, hamısını üstümə yazın. Elə yerdəyəm ki, girməyə onsuz da başqa qapı yoxdu. 

Adam yazıq sadəcə yuxarı qalxır deyə götürmək istəyib məni. Bir az uzaq məhləliyik. Di gəl ki, adını xatırlaya bilmirəm. Eləcə dil-ağızla yola verirəm. Aptekə dəyməliyəm-zad kimi bəhanələrlə. Asqıra-asqıra birtəhər başa salır ki, narahat olmayım, özü də aptekə dəyəcəkmiş. Apteki də su yoluna döndərib qardaş. Təkrar minnətdarlıq eləyib, ordan da qəbiristanlığa getdim bəlkə, deyirəm. Adam başını tərpədib sağollaşır. Aşam-axşam bu nə qəbiristanlıqdı gəldi ağlıma? 

O arada macal tapıb düşünürəm ki, dirilər qəbiristanlıqdan niyə bu qədər qorxurlar görəsən? Sanki bunların yerinə daim başqaları gedəcəkmiş kimi ora... Mən məsələn, hər hansı şəkildə qəbiristanlıqda olmaqdan qorxmuram. Sadəcə qeyri-milli xəstəliyə tutulmaq pisimə gəlir. Gül kimi ürəyi qübar olmaq, ciyəri vərəm olmaq, başı xarab olmaq, əli-ayağı şil-küt olmaq kimi milli azarlarımız varkən, bicənək koronavirusa yoluxmaq mentalitetimizə və ölkəmizin imicinə xəyanətdir. Yoxsa ki, ölümdən qorxub-eləyən yoxdur. Hətta, müəyyən yaşdan sonra onu arzulayırsın. O da var ki, ölüm arzular kimi əlçatmaz olmaya bilir. Odur ki, arzunu sağlam tutasan gərək. Yəni, adam balası kimi bəlli bir dərddən ölmək qismində. Ki... bu koronavirus mərətdən ölmək halva olsa belə, adamın içinə sinmir. 

Prokurorluğun qarşısında belə fəlsəfi düşüncələrə daldığım anlarda cavan bir uşaq yaxınlaşıb bayaqkı maşına niyə minmədiyimi soruşdu. Özü də yuxarı gedəcəkdi. "Hansına?” deyə elə dənsiz-dənsiz soruşdum ki, guya "ves” Qəbələ mənə maşın saxlayıbmış. Gənc "kəsə” cavab verdi:

- Rəhmətlik çöpçü Güləbatın xalanın oğlu Zeynəddinin "Jiquli”sinə...

Allahım, mən iki həftə bu boyda adı hansı səbirlə soraqlaşacam, onun üçün hər dəfə dua etdiyimdə bu adı yadımda necə saxlayacam? Etməmək də olmaz, çünki adam həyat sığortamdı. Hər halda inşallah ki, bütün dəstgahı ilə adi qrip idi, başqa xəbəri çıxmayacaq. 

O vaxtdan bir həftə keçib. Mən sap-sağlamam. Sadəcə xalturşik yolda-irizdə görünmürdü. O günləri qorxa-qorxa soruşub öyrəndim ki, adamın asqırma, qızartı ilə müşayiət olunan yaz allergiyası varmış. Günəşli havalarda yola-rizə seyrək çıxır. Elə bunu eşitmişdim, bəzi siyasətçilər kimi əl qatam özümə ki, mən koronavirusdu-nədir, onu adam yerinə qoymuram. Lazım gəlsə, bəzi qorxaqlardan fərqli olaraq o virusun düz üstünə gedərəm-zad və sairə seçkivari şüarlar. Barıtı o qədər oldu ki, rəhmətlik çöpçü Güləbatın xalanın oğlu Zeynəddinin qonşusu üzümə baxa-baxa qaldı. Üstəlik sualla cavabın arasındakı rabitəni tuta bilməsə də, başımda milli bir əngəl əmələ gəldiyinə yüz faiz əmin oldu deyəsən. Bunu usul-usul uzaqlşaşmasından sezdim. Olsun, lap dəlixanaya zəng vursa, incimərəm. Hər halda diri dəli ağıllı ölüdən yaxşıdır. 

Koronalı-koronasız bütün viruslar öləcək. Əsas ki, həyat davam edir. Bu arada qəttəzə aranjimanda yığılmış Milli Məclis də var. Sağlığımıza qismət...