Sağlamlıq 15:51 28.05.2019

Pedaqoq: "Münasibətlər sağlam qurulduqda, bu halların baş verməsi də azalacaq"

Uşaq psixologiyası yetişkin psixologiyasına nisbətən daha fərqli və qəlizdir. Bəzən valideynlər və kənar mühitdən uşaqlara göstərilən yalnış davranışlar onların psixologiyasına mənfi yöndə təsir göstərir. 

Uşaq psixologiyası üzrə ekspertlərin apardığı geniş araşdırmaların analizləri 2 ümumi yaş qrupunun xususi önəmini vurğulayır. 

1. Erkən uşaqlıq yaşları, əsasən 2-6 yaş qrupu 
2. Məktəb yaşında olan uşaqlar, əsasən 6 yaşdan 12 yaşa qədər

Uşaqların psixologiyasının formalaşmasında əsas vəzifə valideyn və müəllimlərin üzərinə düşür. Ancaq təəssüflər olsun ki, bir çox valideyn bu yöndə ətraflı məlumatlı olmadığı üçün və müəllimlərin şagirdlərinə laqeyd yanaşması nəticəsində uşaqların psixologiyasına mənfi təsir edəcək məqamları diqqətdən qaçırırlar. Bunun nəticəsidir ki, son illərdə ölkədə bir çox uşaq intiharı və mənfi vərdişlərə meyillənmə kimi hadisələr ilə rastlaşırıq.
 
Pedaqoq Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu kimi mənfi hallar uşaqların valideyn və müəllimləri ilə sağlam münasibəti olduğu təqdirdə aradan qalxa bilər: 
 
  

"İlk növbədə qeyd edim ki, yaşından və xüsusiyyətlərindən asılı olaraq kiçik məktəbli və yeniyetmə psixologiyası fərqlidir. Məsələn, ibtidai sinif şagirdlərinin psixologiyası. Bu dövrdə uşaq məktəbə, sinif yoldaşlarına, müəllimlərinə uyğunlaşmağa başlayır. Məktəb onun üçün yeni bir mühitdir. Bu dövrdə uşaq uyğunlaşma dövrü keçir. Uyğunlaşma dövrü hər kəsə görə fərqli və fərdidir. Kimi bu dövrü asanlıqla qisa zamanda, kimi isə çətin və daha uzun zamanda tamamlayır. Şagird üçün uyğunlaşma dövrünün asan olması onun əvvəlcədən bu mühitə psixoloji olaraq hazırlanmasından asılıdır. Həmin dövrdə şagirdlərə həddindən artıq informasiya vermək düzgün olmazdı. Bu uşaqda məktəbə qarşı istəksizilik yarada bilər. 6-7 yaş kritik yaş dövrlərindən biridir. 

Digər  kritik yaş dövrü ön yeniyetməlik və yeniyetməlik dovrüdür. Bu dövrdə şagirdlər daha səbrsiz, daha çılğın, daha azad və öz bildiklərini etmək istəyində olurlar. Dərslərə qarşı biganəlik, marağın azalması müəllimlərə tabe olmama kimi hallar baş verir. Bir çox intiharlar da bu yaş dövrlərində baş verir. Bu yaş dövrlərində yeniyetmələr evdə valideynləri, məktəbdə müəllimləri və ya ətrafındakılar tərəfindən başa düşülmədikləri, dinlənilmədikləri halda mənfi vərdişlərə yiyələnir və ya intihara cəhd edirlər. Valideynlə-uşaq və müəllimlə-şagird arasında münasibətlər sağlam qurulduqda, bu halların baş verməsi də azalacaq. 

Vacib bir məqamı qeyd edim ki, müəllimlərin şagirdlərin həyata baxışlarının formalaşmasında rolu əvəzsizdir. Onlar vəzifələrini düzgün icra etsələr, şagirdlər bir o qədər daha tez formalaşarlar. Övladları məktəbə gedən valideynlər yaxşı bilirlər ki, tədris prosesi əvvəlki dövrlərlə müqayisədə daha da inkişaf edərək  təkmilləşib. Bu halda yük şagirdlərin üzərinə düşür. Belə olduqda isə bunlar şagirdlərin psixoloji durumuna da təsir edir. Məsələn, bu hallar daha çox məktəbə yenicə başlamış birincilər arasında daha çox baş verir. Çünki ilk dəfə məktəbə qədəm qoyaraq, valideynlərindən ayrılaraq, evdən kənarda olurlar. Bütün bunlar bəs edir ki, uşaqların psixologiyasında az da olsa dəyişiklik yaransın. Məktəb və sinif qaydalarına əməl etmək, həyəcanlı olduqlarına görə dərsi yaxşı mənimsəməmək kimi problemlər də onların yaşıdlarından geri qalmasına səbəb olur. Bunun üçün məktəblərdə olan psixoloqların vəziyyətə vaxtında müdaxilə edib, düzgün yol göstərmələri şərt olur. Hər bir uşağın psixoloji durumu fərqli olur. Onların ruhi vəziyyətləri ailədəki durumdan və ab-havadan bilavasitə asılı olur. Normal həyat sürən, mehriban olan ailələrdən gələn uşaqların əksəriyyəti normal olur. İstisna hallarda da belə uşaqların özünəməxsus problemi, kompleksi ola bilər. Boşanmış valideynlərin, yaxud da problemli ailələrin uşaqlarında isə psixoloji pozulmalar daha çox müşahidə olunur. Müəllim  və şagirdlər arasında problemlər adətən, sinifdən-sinfə keçid zamanı və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Bu sahədə onlara sinif rəhbərləri və məktəblərin psixoloqları kömək etməlidirlər".

Əziz valideynlər, övladlarınız ilə doğru əlaqə yaradıb, onların psixologiyasına yaxşı mənada təsir göstərmək üçün bu məsləhətlərdən yararlanın:

- Uşağın suallarını və dediklərini ciddi qəbul edin. Suallarına səbrlə və doğru cavab verin.
- Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.
- Uşağa gücü çatan işləri və qayğıları tapşırın. Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.
- Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.
- Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.
- Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.
- Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin. Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin. Səhvlərinə görə uşağınıza gülməyin.
- Uşağı konkret əməllərinə, səy və zəhmətinə görə tərifləyin, bunu səmimi edin. 
- Uşağın bacarıqlarını və istedadlarını aşkar edib inkiaşf etdirin.
- Müxtəlif yaşlı böyüklərlə ünsiyyətdə olmağı ona öyrədin. Böyüklərə hörməti itirmədən onlardan asılı olmamağı öyrədin. 

Röya