Siyasət 10:25 17.06.2013

Pənah Hüseyn etiraf etdi

“Heydər Əliyevin Bakıya dəvət olunması təklifini prezident yanında müşavirədə ilk dəfə mən səsləndirmişəm”

Mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Yeni Müsavat”a dünənki müsahibəsində 1993-cü ilin iyun hadisələri haqda maraqlı açıqlamalar verib. Açıqlamalardan biri AXC iqtidarının baş naziri Pənah Hüseynlə bağlıdır.

Oqtay Qasımov bildirib ki, o dövrdə mərhum Heydər Əliyevin Bakıya dəvət edilməsi təklifi Nazirlər Kabinetindən daha çox gəlirmiş. Hətta baş nazir Pənah Hüseyn Heydər Əliyevlə telefonla bu məsələ ilə bağlı danışıbmış. Oqtay Qasımovun dediyinə görə, hətta Pənah Hüseyn öz yerini - baş nazir vəzifəsini Heydər Əliyevə təklif edirdi: “Pənah bəy Əliyevə öz yerini təklif edirdi. Ona görə də iyunun, səhv eləmirəmsə, 7-də Pənah bəy istefaya getdi. Yəni bu postu boşaltdı. Hakimiyyətdə təmsil olunmaq istəyən digər qüvvələrə yer açdı”.

Oqtay Qasımovun açıqlamaları ilə bağlı Pənah Hüseynin mövqeyini öyrəndik. O bildirdi ki, Oqtay Qasımovun Elçibəy iqtidarı dövrü haqqında bir sıra maraqlı müsahibələri, açıqlamaları olub. Sonuncu müsahibəsi də bəzi məsələlərə aydınlıq gətirməyə kömək edir: “Mənim 1993-cü ildəki məlum hadisələrlə bağlı müsahibələrim və yazılarım dərc olunub. Orada məlumatlarımı və mövqeyimi ifadə eləmişəm. Sizin sualınıza gəldikdə isə bir-iki dəqiqləşməni vacib sayardım ki, baş nazir vəzifəsinə kimin gətirilməsi mənim səlahiyyətimdə olan məsələ deyildi və baş nazir postunu mən heç kəsə təklif edə bilməzdim. Çünki o post mənim şəxsi əmlakım deyildi ki, kimə istəsəm bağışlaya biləm. Ona görə bunları deyirəm ki, oxucularda təəssürat yarana bilər ki, sanki baş nazir vəzifəsi mənim şəxsi mülkiyyətim kimi imiş ki, onu təklif eləmişəm. Əlbəttə ki, belə deyil və belə olması da mümkün deyildi”.

Pənah Hüseyn onu da açıqladı ki, ümumiyyətlə Heydər Əliyevlə ilk dəfə iyun hadisələri vaxtı telefonla cəmi bir dəfə danışıb: “Heydər Əliyev artıq Naxçıvandan Bakıya gəlmək üçün təyyarəyə minən ərəfədə Rəsul Quliyev ona zəng eləmişdi və mən də hadisələr dövründə ilk dəfə Heydər Əliyevlə onda danışmışam. Halbuki, Heydər Əliyevin Bakıya dəvət olunması və siyasi müxalifətlə hərbi müxalifətin birləşməsinin qarşısının alınması təklifini prezident yanındakı müşavirədə ilk dəfə mən səsləndirmişəm. Yəni burada Nazirlər Kabinetlik bir iş yoxdur. Bu, şəxsən mənim təklifim olub. Bu məsələlər barədə də mən əvvəllər də müsahibələrimdə və yazılarımda bildirmişəm. Lakin Heydər Əliyev konkret filan vəzifəyə gəlsin söhbəti, ümumiyyətlə, olmayıb. Baş nazir postundan da ona görə istefa vermədim ki, məhz həmin yeri Heydər Əliyev üçün boşaldım. Mənim istefa verməyim hökumətin hakimiyyəti siyasi müxalifətlə bölüşməyə hazır olmasının nümayişi idi”.

“Təklifiniz həyata keçdi. Bəs siyasi müxalifətlə hərbi müxalifətin birləşməsinin qarşısı alındımı” sualına P.Hüseyn belə cavab verdi: “Bir sıra hadisələr nəticəsində başqa ssenari ilə cərəyan elədi proseslər, konkret olaraq, Heydər Əliyev və onun ətrafı hərbi müxalifətlə müttəfiqliyi seçdi”.

Qaynar.info