Sənət 14:53 11.04.2015

Pərviz Əzimov: İlahi Sevgi - Yazı

Pərviz Əzimov

İlahi sevgi

Sevmək, sevgi, sevilmək... Bütün bunları son 10 ildə ancaq “İt kimi darıxan şairlər”in şeirlərində və ya türk seriallarında o qədər bayağı formada görmüşük ki, çox vaxt sevməkdən utanır adam. Cem Yılmaz demişkən, sevgi bir manısın “Sevmək sevməksə, sevməmək sevməməkdir” kimi dırnaqarası fəlsəfi fikri qədər ucuzlaşıb. 

Əslində sevgi haqqında yazdığım ilk və yəqin ki, son yazıdır. Və çox çətin yazıdır. Bu yazının yazmaqda səbəb əslində hər şeyin bayağılaşmasına qarşı az da olsa nəsə etməkdir.

Sevgi əslində düşünülməmiş cəsarətdir. Corc Oruelin 1984 romanını oxuyanlara bu mənzərə tanış gələr. Əsər utopik bir ölkədə baş verən hadisələrdən bəhs edir. Okeniya adlı bu ölkədə siyasi diktaturanın pik həddi yaşanır. Təkpartiyalı sistem, insanların evlərinə quraşdırılan dinləmə aparatları, antiseks liqasi, ifadə azadlığının sıfır olduğu bir ölkə. Burada nigahdankənar seks belə qadağandır. Özü də rəsmi formada. Ancaq kimsə bütün bunlara ürəkdən inanmır. Sadəcə inanırmış kimi göstərir özünü. Əsərin qəhrəmanı Uintson Smit də belə insanların ən adillərindəndir. Partiyanın bütün fəaliyyətlərində aktiv iştirak edir, hamı kimi nifrət dəqiqələrinə qoşulur, ancaq eyni zamanda sistemə nifrət edir. 

Bir gün 26 yaşlı Julia ilə tanış olur. Antiseks liqasının fəallarından olan Juliaya qarşı sevgi onun üçün yeni həyat olur. Juliya ilə görüşmək, sevişmək, yatmaq hər ikisi üçün ağır nəticələnə biləcəyini hiss etsə də, bundan çəkinmir, bunu düşünmür və Julia ilə sevgili olur. Bilir ki, bir gün ələ keçəçək və bu belə də olur, O’Brayen onları ələ verir və bir gün sevişərkən ikisi də həbs olur. Smit bilirdi ki, bu belə  nəticələnə bilər, ancaq geri çəkilmirdi, çünki içində sevgi var idi. 39 yaşında sevmişdi, uşaq kimi sevirdi. Dünyanın ən güclü yazıçılarından olan Oruel belə bu sevgini yarımçıq saxlamır, əsərin sujetini dəyişdirmir. Siyasi antiutopiya janrında olan əsərdə göstərir ki, əslində bütün dəyərlərin ən alisi sevgidir. O yaşdan, mühitdən, etdiklərindən asılı olmayaraq var. Bəli, sevmək, qarşındakı uçurumdan qorxmadan, sevməyə davam etməkdir. Sevmək səmililikdir. 

Sevgi elə bir hissdir ki, heç bir kefləndirici məhlulun belə insana etdirə bilmədiyini edir. Bəzən etdiyin hərəkətin 5-ci sinif şagirdinin hərəkəti qədər banal olmasını hiss edərsən, ancaq yenə də onu edərsən. Çünki sən hərəkətlərinə sahib deyilsən. Bir uşaq kimi içindən keçənləri edirsən. 

Sevgi həqiqətin özüdür. Seymur Baycan Səmavi Sevgi yazısında qeyd edirdi: “Sevirsən, heç bir qarşılıq gözləmədən. Fədakarlıq edirsən, heç bir qarşılıq və cavab gözləmədən. Onun hər bir hərəkəti, hər bir halı sənin üçün müqəddəs və maraqlıdır. Hətta sənin rəğbət bəslədiyin siyasi düşərgəyə belə rəğbət yaranır. “Başqasının qanı” filmində olduğu kimi. Bir insan başqa bir insana ev, maşın hədiyyə edə bilər. Hər cür yaxşılıq edər. Amma bir insanın başqa bir insan üçün dua etməsi başqa söhbətdir. Çətin və ağır söhbətdir. Bir yoxlayın, görün, heç sevmədiyin adam üçün dua edə bilərsənmi?”

Bəlkə də banal bir yazıdır, bəlkə də bunu oxuyan kimsə hansısa hadisəni xatırlayacaq, amma sevmək gözəldir. Sevmək yenidən doğulmaqdır, sevmək cəsarətlə yanaşı həm də qorxmaqdır. Sevmək bu vaxta qədər yaşadığın pofiqizmin əslində süni olduğunu sübut edən bir ruhdur. Çıxır qarşına, deyir ki, sən süni olmusan. İndi səmimisən. 

Qaynar.info