Xəbər lenti

Peşənin kişisi, qadını olmaz...  - Cinsə görə dəyişməyən stereotiplər
Ölkə 14:58 12.09.2024

Peşənin kişisi, qadını olmaz...  - Cinsə görə dəyişməyən stereotiplər

"Əvvəl işimdən çox utanırdım, gizlətməyə çalışırdım. Dost-tanışın işlədiyim məkana gəldiyini görəndə qaçıb gizlənmək istəyirdim. Çünki "yaxşı qız ofisiant işləməz" sözünü çox eşitmişdim, lakin kimi başa sala bilərdim ki, mənim bu işə ehtiyacım var və halal pulumu qazanıram..."

"YAXŞI QIZ OFİSİANT İŞLƏMƏZ” SÖZÜNÜ ÇOX EŞİTDİYİM ÜÇÜN İŞİMDƏN UTANIRDIM”

Bu sözləri deyən Ləman (ad şərtidir) universitetlərdən birinin 4-cü kurs tələbəsidir artıq. Deyir ki, "atamın işləri qəfildən pisləşəndə həm ailəmə dəstək olmaq, həm də öz xərclərimi qarşılamaq üçün iş axtarmağa başladım. Həmin vaxt universitetin ikinci kursuna yenicə başlamışdım. İxtisasıma uyğun hansı işə müraciət edirdimsə, tələbə olduğumu, təcrübəsiz olduğumu bəhanə edib məni elə qapıdan geri göndərirdilər. Beləcə iş axtara-axtara yenicə açılmış "Book Cafe"nin qarşısından keçərkən "ofisiant qız tələb olunur" yazılmış elanı gördüm və içəri keçdim. Ümidli deyildim, çünki təcrübəli birinə ehtiyacları var idi, amma çox kitab oxumağım köməyimə çatdı. İlk olaraq orda işə başladım. Təzə vaxtlarda bunu rəfiqələrimdən gizlədirdim, sonra fikirləşəndə işləməyimin qəbahət olmadığını anladım. Xatırlayıram, ilk maaşımdan evimizə kiçik də olsa, bazarlıq etmişdim. Bura isə mənim ikinci iş yerimdir, ailəvi məkandır. Doğrudur, işim çətindir, hələ bizim cəmiyyətin çox hissəsinin qadınların ofisiant işlədiyini qəbul etmədiyini də görmək çətindir, lakin gənc nəsil artıq bu işə pis baxmır. Rəfiqələrimdən də artıq bu sahədə işləyən var. İndi mən öz xərcimi də çıxardıram, onlayn kurslara qoşuluram, ixtisasımla bağlı əlavə biliklərə yiyələnirəm. Ən əsası isə hər gün çox insan gördüyüm üçün insanları tanımağa başlayıram". 
 


Lakin Ləmanın giley etdiyi məqamlar da var. O deyir ki, bəzi kafe sahibləri tələbələr yarıgün işləyə bildiklərinə görə onlara iş vermək istəmir, ya da çox az maaşa razılıq verirlər. 

Bu gün gender həssaslığı məsələləri ilə bağlı qabardılan mövzulardan biri də peşə seçimləridir. Bəzi insanlar düşünür ki, peşələrin cinsə görə qruplaşdırılması "qadın işi” və "kişi işi” anlayışları iş həyatında ayrı-seçkiliyə yol açır.

Qadınlar peşə seçimində kişilərlə eynihüquqlu olmaq istəyir, eyni vəzifə, maaş tələb edirlər. Lakin elə işlər var ki, orda qadınların işləməsi birmənalı qarşılanmır. Xüsusi ilə mental dəyərlərin hələ də üstünlük təşkil etdiyi cəmiyyətlərdə qadınların bir çoxu "qadın sənəti” deyə özlərinə seçdiyi və ya seçə bilmədiyi peşə və ixtisaslar var. Məsələn, cəmiyyətdə ofisiant xanımlarla bağlı fikirlər birmənalı deyil. Bununla bağlı tez-tez tənqidi fikirlər səsləndirilir. Məsələn, xarici ölkələrdə tələbə qızlar ofisiant işləyib öz xərcliklərini çıxara bilir. Bizdə isə bu yanaşma yumşalsa da, fərqli deyil. 

Bu cür streotipləri nəcə dəyişmək olar? Ümumiyyətlə, yaxşı qadın ofisiant işləməz kimi fikirləri necə dəyişmək olar?

"BU SAHƏDƏ OLAN BƏZİ STEREOTİPLƏR DƏYİŞDİRLMƏLİDİR”

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Qadın və Uşaqların Təhslilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai deyir ki, cəmiyyətdə qadınların peşə seçiminə dair formalaşan stereotiplərin tarixi, mədəni və sosial kökləri var:

"Qadınların müəyyən sahələrdə çalışması uzun müddət kişi peşəsi olaraq qəbul edildiyindən, bu sahələrdə qadınların iştirakı ənənəvi dəyərlərə zidd sayılır. Cəmiyyətin bir hissəsi qadınların təhlükəsizliyi və uyğunluğu məsələlərini önə çəkərək müəyyən işlərin onlar üçün uyğun olmadığını düşünür. Xüsusilə gecə saatlarında işləmək kimi nüanslar bu stereotiplərin güclənməsinə səbəb ola bilər. Həmçinin, cəmiyyətimizdə formalaşmış cinsiyyət rolları qadınların yalnız müəyyən işlərə uyğun olduğunu təbliğ edir və bu da müxtəlif peşələrə olan münasibəti məhdudlaşdırır”.
 

Sədr deyib ki, bu kimi stereotiplərin dəyişdirilməsi üçün bir neçə addım atıla bilər:

"Maarifləndirmə kampaniyaları: Media vasitəsilə qadınların hər sahədə işləmək haqqı və bacarığının vurğulanması vacibdir. Qadınların müxtəlif sahələrdəki uğurları, o cümlədən xidmət sektorunda əldə etdiyi nailiyyətlər cəmiyyətə daha geniş formada təqdim edilməlidir.

Təhsil: Gənclərin, o cümlədən qızların, peşə seçimində sərbəst olmalarına şərait yaratmaq üçün təhsil müəssisələrində gender həssaslığı mövzuları tədris edilməlidir. Bu mövzular ailələrə də açıqlanmalı, övladlarının seçimlərinə dəstək olmaq mövzusunda maarifləndirilməlidirlər.

Peşə bərabərliyinin təşviqi: Hər peşənin hər iki cins üçün uyğun ola biləcəyini vurğulayan ictimai kampaniyalar və qanunvericilik dəstək olmalıdır.

"Yaxşı qadın restoranda işləməz" kimi fikirlər insanın dəyərinin onun çalışdığı sahə ilə deyil, peşəkarlığı, işinə məsuliyyəti və şəxsi keyfiyyətləri ilə müəyyən edildiyini anlamaqla dəyişə bilər. İctimaiyyətə göstərilməlidir ki, qadınların ofisiant işləməsi də daxil olmaqla, müxtəlif sahələrdə işləməsi onların cəmiyyətdəki dəyərini azaltmır. Əksinə, qadınların əmək bazarında iştirak etməsi onların iqtisadi azadlığına, özlərinə olan güvənə və cəmiyyətin inkişafına töhfə verir. Qadınların hər sahədə, o cümlədən xidmət sektorunda da bərabər hüquqlarla çalışa bilmələri onların sosial və iqtisadi inkişafına böyük təkan olacaq”.

Şəhərin tanınmış ailəvi məkanlarından birinin meneceri Rəsul bəy isə bildirir ki, əgər əvvəllər xanım ofisiant tapmaq çətin idisə, indi elə deyil: 

"Bu işlə məşğul olmaq istəyən, təcrübəsi olan xanımların sayı çoxalıb. Bizim isə onlara işlərini dəqiq görməkdən, məsuliyyətli olmalarından başqa heç bir tələbimiz yoxdur. Biz burda, məkanımızda cinsiyyət ayırımı etmirik. Xüsusi ilə tələbələrimizə dəstək olmaq üçün seçim edərkən tələbə qız və oğlanlara üstünlük veririk". 

Xarici təcrübəni öyrənmək üçün Türkiyədə təhsil alan azərbaycanlı tələbə Leyla (ad şərtidir) ilə söhbətləşdik. Leyla deyir ki, orda əksər tələbə qız və oğlanlar yarım gün işləyərək öz dolanışığını təmin edir, heç kim onlara pis baxmır. Əksinə, işləməyi alqışlanır. Elə Türkiyədə təhsil alan kifayət qədər azərbaycanlı tələbələr də belə işlərdə işləyir.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov isə deyir ki, gender problemi və gender bərabərliyinin təminatı hələ də dünyada aktual problemlerdən biridir, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin və müxtəlif psixoloji problemlərin dərinləşməsinə gətirib çıxarır:

"Məhz bu cür gender problemləri, xüsusən də qadınlara qarşı olan müxtəlif növ zorakılıqlarla mübarizə, insan hüquqlarının təmin edilməsini rəhbər tutan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Ümumiyyətlə gender bərabərliyi dedikdə ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyi nəzərdə tutulur. Habelə bu gün bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı əsas prioritet təşkil edir. Lakin gender məsələləri ilə bağlı müəyyən problemlər də mövcuddur ki, bunun aradan qaldırılması üçün dövlətlə yanaşı, cəmiyyət də öz töhfəsini verməlidir. Ən əsas da qadınlara qarşı zorakılıq hallarına və ailələrdə qız uşaqlarına qarşı fərqli münasibətə son qoyulması üçün güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var".
 


Elnur Rüstəmov qeyd edib ki, qadınların hüquqlarının möhkəmləndirilməsi, eləcə də onların karyera və təhsil sahələrində yüksəlişinə mane olan amillərin aradan qaldırılması istiqamətində bir çox fəaliyyətlərin artıq həyata keçirildiyinə baxmayaraq, gender və gender bərabərliyi anlayışlarına münasibətdə sərt yanaşmalar hələ də cəmiyyətdə dominant mövqeyini qoruyub saxlayır:

"Gender qadın və kişilərin cinsinə görə onlara aid edilən sosial cəhətdən qurulmuş gözləntilər, davranışlar və fəaliyyətlər toplusuna aiddir. Hər hansı bir gender rolu ilə bağlı sosial gözləntilər müəyyən sosial-iqtisadi, siyasi, mədəni və psixoloji kontekstdən asılıdır. Eləcə də bu rollar irq, etnik mənsubiyyət, sinif, cinsi və yaş daxil olmaqla digər amillərdən təsirlənir. Gender bərabərliyinin qorunması üçün ilk növbədə ailədə gender bərabərliyinin təmin olunması çox vacibdir. Məlum məsələdir ki, ailə dövlətin kiçik bir modelidir və təbii ki, gender bərabərliyinin pozulması ailə münasibətlərində ciddi problemlərə yol açır. Ailədə rol bölgüsünü düzgün aparmaq lazımdır ki, normal münasibətlər formalaşsın və tərəflərin biri özünü digərindən üstün hesab etməsin. İstər kişi, istərsə də qadın bu, bərabərliyi pozur. Belə ailə modelində böyüyən uşaqlar da artıq gender hüquqlarının pozulmasına şərait yaradan psixologiyada olurlar. Belə münasibətlərin tənzimlənməsi üçün əvvəlcə özümüzə gender bərabərliyinin izahını verməli və bərabərlik anlayışından qorxmamalıyıq.
 
Bu gün cəmiyyətimizdə belə bərabərliyin pozulması üçün kifayət qədər əsassız və geniş səbəblər mövcuddur. Hansı ki, gender bərabərliyinin pozulması elə erkən uşaqlıqda başlayır. Bu günün özündə də selektiv abortların statistikaları və ailələrdə məhz oğlan uşaqlarına verilən seçimləri nəzərə aldıqda ortaya çıxan mənzərə təəssüf doğurur. Ailədə cinsi ayrı-seçkilik və oğlanların üstün görülməsi istisnasız yolverilməzdir. Valideyn bilməlidir ki, ailə münasibətlərində gender bərabərliyi uşaqların tərbiyəsində və psixososial inkişafında çox önəmli rol oynayır. Əsasən də yeniyetməlik kimi sürətli inkişaf dövründə, fərdin normal psixoloji sağlamlığı və belə mövzuları doğru şəkildə dərk etməsi onun ailəsindən asılıdır. Təəssüf ki, qızlar və oğlanlar hər gün öz evlərində və icmalarda – mediada və onlara qayğı göstərən böyüklər arasında gender bərabərsizliyinin şahidi olurlar. Belə ciddi problemlər onların gələcək şəxsiyyətinin formalaşmasında və milli mənlik şüurunda dərin qüsurlar yaradır. Gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də dinc, firavan və davamlı dünya üçün zəruri təməldir".

"Müşahidələr göstərir ki, ölkəmizdə qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil. Baxmayaraq ki, qadınlarımız bütün ictimai sferalarda, siyasətdə və biznesdə aktiv və uğurlu iştirak edir, lakin hələ də bu mövzuda görüləcək işlər çoxdur. Bu gün cəmiyyətimizdə qadınların fiziki güc tələb edən peşələrdə fəaliyyət göstərməsi yetəri qədər normal haldır. Lakin qadınlar bunun öhdəsindən layiqincə gəlsə belə, bu irəliləyişə baxmayaraq, ictimai təzyiqlər və tənqidlər hələ də davam edir. Bilmək lazımdır ki, qadınların istənilən fiziki işdə çalışması və uğur qazanması tamamilə müsbət və qəbul olunan haldır. Hər bir qadının öz qanunlarını bilərəkdən yola çıxması, təhsil və karyera kimi böyük məsələlərdə uğur qazanması tək onun özünün deyil, həm də cəmiyyətin, bütün xalqın və gələcək nəsillərin uğurudur.

Son olaraq, cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının səciyyəsi və səviyyəsi onların firavanlığı, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir. Qadınların siyasi fəaliyyətdə və elmi istehsalat birliklərindəki işlərdə iştirakı, onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda da onların əməyinin müdafiə olunub qiymətləndirilməsi, qadınların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edər. Belə cəmiyyətdə və ailədə böyüyən fərdlər isə, şübhəsiz psixoloji rifahı yüksək və sağlam düşüncədə olacaq”, Elnur Rüstəmov əlavə edib. 

"TƏK MƏQSƏDİM QIZIMI YAŞADIĞIM HƏYATDAN QURTARMAQ İDİ”

38 yaşlı Elmira xanım (ad şərtidir) isə daha çox el dili ilə desək, "kişilərin əyləşdiyi” məkanlarda çalışıb. 

"Yoldaşımdan ayrılanda öz ayağım üstündə durmalı idim, təhsilim yox, ailəm 2 uşağımı istəmir və mən onları aldığım çox az alimentlə saxlaya bilməzdim. Əvvəl müxtəlif yerlərdə təmizlikçi, qabyuyan kimi çalışsam da, səhərdən axşama uşaqlarımı evdə tək qoya bilmirdim, bu işlərin saatı çox olurdu, uşaqlar da balaca idi. Ofisiant kimi isə uşaqlarımı dərsdən gətirəndən sonra, gecə 12-yə qədər işləyə bilirdim. Ən əsas isə belə yerlərdə gündəlik maaşdan əlavə, əlimə 3-5 manat "çayovoy" gəlirdi. Min şükür deyib, uşaqlarımı böyütdüm”.

Elmira xanım deyir ki, 26 yaşında bu işə başlayandan 5-6 dəfə iş yeri dəyişib:

"Onların içində həm yaxşı, həm pis müdirlər olub. Amma indi yaxşı adama rast gəlmişəm, 5 ildir burdayam. Uşaqlarım da artıq böyüyüb. Qızım bu il universitetə qəbul oldu, oğlum isə hazırlaşır. Düzdür, hamı həmişə çox söz deyib, amma mən qulağımı bağlamışdım. Çünki tək məqsədim uşaqlarımın qarnını doyurmaq və heç olmasa qızıma mən yaşadığım həyatı yaşamaması üçün təhsil vermək idi. Şükür, bu il arzuma çatdım. Oğlum da qəbul olsun, sonra özümə ev alıb, canımızı bu kirayələrdən qurtaracağam”. 

Elmira xanımın həyat yoldaşı sonradan onunla barışmaq istəsə də, qəbul etməyib. Deyir ki, onu iki körpə ilə ortada qoyanda bizi fikirləşməli idi, indi gecdir.

"BU, BİR MARKETİNQ SİYASƏTİDİR”

Daha çox kişilərin getdiyi kafenin sahibləri ilə danışmaq istəsək də, onlar suallara cavab verməkdən imtina edirdilər. Adının çəkilməyini istəməyən bir məkan sahibi isə "niyə işçi axtararkən qadın ofsiant axtarırıq deyə qeyd edirsiniz və bəzi hallarda geyimlə bağlı tələblər qoyursunuz” sualına cavab olaraq bildirdi ki, bu da bir marketinq siyasəti, müştəri cəlb edə bilməkdir:
 
"Məkanda qadın ofisiant çox olanda daha çox müştəri cəlb etmək olur. Çünki qadınlar çox səliqəli işləyir”.

"OFİSİANT İŞLƏYƏN QADINLARA KİŞİLƏRİN FİKRİ BİRMƏNALIDIR”

Psixoloq Gülnar Orucovanın fikrincə, bəzi sahələr var ki, hələ də milli mental dəyərlərimiz qadınlara orada işləməsinə imkan vermir:

"Belə peşə sahələri çoxdur. Məsələn, androloq xanımlar indi-indi fəaliyyətə başlayıb, lakin əvvəl androloqa getmək istəyən ancaq kişi həkimə müraciət etməli idi. "Qadın androloq olmaz" fikiri formalaşmışdı. Bəzi kişilər var ki, öz qızlarına heç oxumağa icazə vermir. Lakin həkim axtaranda qadın həkimi axtarır. Oxumaq həmişə olmalıdır və təhsilli xanım bu gün daha üstün mövqedə dayanmalıdır”. 

Ofsiant kimi işlərdə daha çox tələbələrin çalışdığını vurğulayan psixoloq deyib ki, bu gün tələbələrə iş verilmir, bəziləri isə fürsətdən istifadə edib onları az qala 12-14 saat işlətmək istəyirlər:

"Xarici ölkədə xanım ofisianta pis baxmırlar, onlar öz xərclərini çıxara bilirlər. Amma Azərbaycanda buna pis baxırlar, düşünürlər ki, qadın ofisiant işləyə bilməz, qadın niyə ofisiant işləməlidir, bu iş ancaq kişi işidir. Ən pisi isə ofisiant işləyən qadınlara bizim kişilərin fikrinin birmənalı olmasıdır. Düşünürlər ki, əxlaqsızdır deyə ofisiant işləyir. Düşünümürlər ki, bir insan, bir tələbə qız boş vaxtını pul ilə dəyərləndirmək, öz xərclərini çıxarmaq üçün bu işdə işləyə bilər. Biz isə bu səbəblərə diqqət etmirik və pis şeylər düşünürük. 

Bu gün restoran sahiblərinin əksəriyyəti də kişi ofsiant işə götürür. Məsələn, Avropada saatlıq işlər var, bir gün işləyib, bir gün evdə qala bilərsən və s. kimi iş qrafikləri bizdə hələ formalaşmayıb”. 
 


Gülnar Orucova bildirib ki, cəmiyyətədə belə fikirlərin formalaşmasına səbəb hər peşənin insanla ölçülməsidir:

"İnsanı peşəsinə görə dəyərləndirirlər. Amma peşə başqa, şəxsiyyət başqadır. Bir insan ofisiant işləyə bilər, bəzən elə zaman gəlir ki, sanki onun pis iş görmüş kimi qarşısına ofisiant işləməyini qoyurlar. Doğrudur, bəzən bu peşədən də süni istifadə edən insanlar olur, onları görənlər də bu peşə haqqında başlayır mənfi düşünməyə. Ona görə də belə fikirlər də yaranır. Amma nəzərə alınmır ki, bu kimi neqativlər hər peşədə olur".

"AZƏRBAYCANDA OFİSİANT YETİŞDİRƏN PEŞƏ MƏKTƏBLƏRİ OLMALIDIR”

Mövzu ilə bağlı saytımıza danışan tanınmış restorator Mahir Əhmədzadə deyir ki, hər sahədə olduğu kimi burda da savadlı kadrlara ehtiyac var:

"Bu sahənin bir tərəfi mədəniyyətlə bağlıdır, necə ki, bizdə yol, təhsil, səhiyyə mədəniyyəti olduğu kimi, eyni zamanda süfrə mədəniyyəti var. Azərbaycanda isə bu proses demək olar ki, 1999-cu ildən başlayıb. Həmin ildən kütləvi şəkildə restoranlar açılmağa başlayıb. Lakin heç kim kadr siyasətini fikirləşmədi. Mən həmişə deyirəm ki, övladlarımızın universitetə girməsi kimi bir məcburiyyətləri olmamalıdır. Lakin düşünürəm ki, qız uşaqları belə olanda evdə oturmaqdansa, hansısa bir sənətə yiyələnə bilər. Məsələn, restoranlarda soyuq sexlərdə salatçı kimi, isti sexdə aşpaz kimi işləyər, qənnadçılığı öyrənər, konditer ola bilər. Yəni, bu işlər qızlara uyğundur. Elə dediyiniz kimi, ofisiant işləyə bilər. Bizdə bu peşə sahiblərinə süfrəçi deyilir”. 

Mahir Əhmədzadə deyir ki, ölkəmizdə hələ də bu restoran sektoru tam formalaşmayıb:

"Məsələn, mən hazırda öz restoranımızda qadın ofisiant işlədirəm. Onların arasında isə ailəli də, subay olanı da var. Bundan başqa, oğlanın gördüyü işdən qadının gördüyü iş daha təmiz olar, səliqəli olar. Amma ümumilikdə götürəndə bu sistemin içində olan adam kimi anlayıram ki, proses o qədər təkmilləşməlidir, servislə bağlı elə vəziyyət yaranmalıdır ki, bu sahə üzrə ixtisaslaşmalar getsin. Xanımlar, bəylər tərəfindən bu peşə ilə bağlı peşə məktəblərində təhsil almaq üçün müraciətlər olmalıdır, bu sahədə fəaliyyət göstərən assosiasiyaların sayı çoxalmalıdır. Axtarsaq, iki-üç assosiasiya var ki, onların da işi xaricdə ölkəni təmsil etməkdən ibarətdir. 

Daha sonra kurslar olmalıdır, insanların ora müraciət edib, oxuyub sertifikat ala bilmələri üçün şəraitləri olmalıdır. Doğrudur, bu sahədə işçinin özünü qeyri-peşəkar aparması kimi istisna hallar var. Belə hallarda hansısa bir fikir formalaşa bilər, amma çox azdır”. 
 


"Hələ bir neçə il bundan əvvəl mən mövzu qoymuşdum ki, niyə qadınlar restorana gedib deyib-gülüb, şəkil çəkdirmək istəyirlər, amma orda heç biri işləmək istəmir? Azərbaycan turizm ölkəsidir. Ən çox iş yerləri restorandadır. O restoranlarda isə qızlar kassir də, aşpaz da, barçı da, soyuq sexdə də, isti sexdə də və s. işləyə bilər. Restoranlarda qadınlara uyğun çox iş var. Bakı və Sumqayıtda xanım ofisiant tapmaq olar, amma bölgələrdə isə çox nadir halda qadın ofisianta rast gəlmək olur. Burda həm köhnə fikirli valideynlərin rolu var, həm də kollektivlərdən də çox şey asılıdır. Ümumi götürsək, bizdə 30 ilə yaxındır bu sahəyə kapital qoyulur, inkişaf edir. Lakin bu illər ərzində kütləvi şəkildə restoranlar açılsa da, heç kim fikirləşmədi ki, bu restoranlarda kimlər işləyəcək, kadrlar harda yetişdiriləcək. Bir çox restoran sahibi Türkiyədən kadrlar gətirdi, onlardan bəhrələndi, amma bizim özümüzdə peşə məktəblərindəki nəzəriyyə zəif oldu, onlar tələbəni nəsə öyrənmək üçün restorana, otelə praktikaya göndərirdilər. Bizdə hər şey praktikaya bağlıdırsa, Türkiyədə nəzəriyyə də var, özəl kurslar da, məktəblər də, assosiasiyalar da. Ona görə də düşünürəm ki, bu sahə üçün də dövlət səviyyəsində işlər görülsə, yaxşı olar. Bu sahə ilə bağlı xarici təcrübədən yararlanmaq olar, bu sahə ilə bağlı insan istehsal edilməlidir", deyə restorator əlavə edib.

Mahir Əhmədzadə restoranların özlərinin də bölünməsinin doğru olmadığını düşünür:

"Türkiyədə elə bir restoran yoxdur ki, onun üstündə ailəvi restoran sözü yazılsın, amma bizdə bu bölünür. Lakin restoran elə restorandır. Ora ailə də getməlidir, tək adam da. Sanki bunu yazaraq insanlara "bura ailəvi məkandır, artıq heç nə olmaz” deyə mesaj vermək istəyirlər. Restoran da bir mədəniyyət ocağıdır. Bir yerdə yemək, süfrə varsa, orda başqa heç nədən söhbət getməməlidir. Kimliyindən asılı olmayaraq, istədiyin restorana gedərək yeməyini yeyib, xidmət görüb getməlisən, amma çox təəssüf ki, bizdə hələ də bu cür hallar var. Bu qaydaları dəyişmək lazımdır”. 

Həmsöhbətimiz "bəzi şəxslər restorana gələrkən ofisiantlarla, xüsusi ilə qadınlarla kobud davranır” sualına cavab olaraq bildirib ki, işçiyə qoyulan hörmət sahibkardan asılıdır: 

"Əgər o öz işçisininə hörmət qoyacaqsa, restorana gələn qonaq da bunu görüb həmin şəxsə hörmət edəcək. Bu sanki ailələrdə olan vəziyyətdir. Elə atalar var ki, qız övladlarına hörmət qoymur. Əgər o qızına hörmət qoymursa, çöldə kim onun qızına hörmət qoyacaq? Restoran sistemi də bir ailədir. Sahibkar isə şərəfli, vicdanlı, heç bir pis marağı olmayan adam olmalıdır, orda yaxşı ab-hava yaratmalıdır, bunu da içəri daxil olan müştəri avtomatik hiss etməlidir. Belə olan halda isə gələn qonaq da özünü məkana uyğun formalaşdırır, xanım ofisianta o cür hörmət qoyur". 
 
Günay İlqarqızı 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->