Ölkə 11:35 23.05.2022

Pirşağıya gedən qatar - Pirlər kəndindən reportaj (FOTO)

"Bakı kəndində bir gün” layihəsi

Pirşağıya qatarla getmək istəyirdim. 28 Maydan qatarla birbaşa qəsəbəyə yollanmaq metro ilə "Azadlıq”, "Koroğlu” stansiyalarına, ordan sınıq-salxaq avtobusla ünvana getməkdən daha rahatdır, bu, öz yerində. Amma başqalarını bilmirəm, məndə həm də qəribə bir qatar, vağzal sevgisi var. Rayonlara həmişə qatarla getməyə çalışıram. Hətta heç hara getməsəm də, bəzən 28 Maydakı vağzala üz tuturam. Hərəktli-hərəkətsiz qatarlara, bir-birini yola salan, uğurlayan insanlara uzun-uzadı tamaşa edirəm. Və həmişə istəyirəm ki, oturum burda bir qismat çörək yeyim. Amma qorxuram, qorxuram ki, yeməyin keyfiyyətsizliyi mənim qəribə qatar sevgimə xələl gətirər. Bu dəfə məkana qatarla səfər qismət olmadı, amma əvvəllər bir neçə dəfə bu yolu getmişəm. Müasir tipli vaqonların pəncərəsindən baxanda hər zaman bir mənzərə ürəyimi ağrıdıb. Köhnə-kürüş, himə bəndmiş kimi uçmağa hazır olan evlərin yanındakı böyük, bir neçə mərtbəli binalar qəribə təzad yaradır. Ölkənin ümumi vəziyyətinə sanki bir daha tamaşa edirsən. 

*

Pirşağı mənə doğma yerdir. Uşaqlığımızın bir hissəsi də dəniz kənarında keçib. Babat üzməyi də elə o sularda öyrənmişik. O vaxt bir qonşumuz burda sanatoriyada işləyirdi. Bizi də hərdən "Qızılqum” sanatoriyasına aparırdı. Səhər yeməyində verilən qara kürünün üzünə də baxmazdıq. Nə biləydik ki, dadını bəyənmədiyimiz bu qara şey həm çox faydalı imiş, həm də bir neçə ildən sonra bütün sistemin dağılması ilə qəhətə çəkiləcək. Yadıma gəlir, sanatoriyada çox böyük hovuz vardı, dənizdə çoxlu-çoxlu çiməndən sonra bu dəfə də özümü hovuza çırpırdıq. Yadımda qalan həm də odur ki, burada uşaqlar üçün yaradıcılıq evi vardı və orda nədənsə həm də şahmat klubu vardı. Şahmat özü də bir yaradıcılıqdır, deyirsinizsə, bir şahmat həvəskarı kimi, bax, bunu bəyəndim. Onu da deyim ki, hətta məcburi köçkünlərin "Qızılqum”da yerləşməsindən sonra belə sanatoriya məhdud şəkildə olsa fəaliyyət göstərdi. Ancaq qısa müddət ərzində hər şey darmadağın oldu. O boyda infrastruktur bir-birdən necə yoxa çıxdı, anlamaq çətindir. Qonşumuz isə işsiz qaldı. İçkiyə qurşandı. Çıxış yolunu rayona köçməkdə gördülər. Orda da xeyli vaxt mollalıq elədi, ancaq son illərdə öz ixtisası üzrə iş tapıb. O, Sovet vaxtı Rusiyada - Kostromada işləmişdi. O illərdə həm burdakılar onlar üçün darıxırdılar, həm də özü Bakı üçün. Gəldi və hər şey danışdığım kimi oldu... 

*

Pirşağıdakı qamışlı gölməçələr indi də qalıb. Deyəsən, dəyişməyən təkcə gölməçələrdir. Uşaqların zarafatla qurbağaları daşladığı, amma qurbağaların doğrudan da öldüyü gölməçələr. Avstiryada doğulmuş şair Erix Fridin fikridir, xoşuma gəldi, dedim, burda istifadə edim. Hə, bir də, illər uzunu bəlk də dəyişməyən dənizdir. Amma sahil çox dəyişib. Bir zamanlar dəniz qırağında hansısa obyektdən, "domik”lərdən söhbət belə gedə bilməzdi. Çimməyə gələn camaat süfrəni də qumun üzərində qururdu. Pendir çörək yeyəndə mütləq boğazına dəniz qumundan da bir-iki dənə gedirdi. Yayda bir daha görəcəksiniz, indi vəziyyət çox fərqlidir. Sahildə pulsuz-parasız istirahət etmək çətin məsələdir. Bir vaxtlar məhz dəniz qırağında məskən salan insanların nəvə-nəticələri indi sahilə görə pul ödəməlidirlər. Özü də daha çox gəlmələrə... 


Pirşağıda bizə Abşeron hekayələri silsiləsinin müəllifi, iddiasız, sakit, səssiz əsərləri ilə rəğbət qazanmış Həmid Piriyev bələdçilik edir. Deyir, bax, bura icra nümayəndiliydir, bu gördüyün, bağçadır, onun yanındakı da məktəb, əvvəllər tökülüb itirdilər, fond söküb təzədən tikib. Ora isə dağılmış ev idi, bir nəfər icarəyə götürdü. Sıfırdan bir ev tikdi. İndi bu evi yaxşı memarlıq nümunəsi kimi hamıya göstərirlər. Bura üz tutanların əvvəlcə dəniz kənarında məskən saldığını da Həmid deyir. Köçəri tayfalar burdan keçəndə pir tapıblar. Pirdə iki qəbir olub. Qəbirlərdən birində Pir Şəqaqi yatırmış, o birində köməkçisi. Pir Şəqaqi övliya imiş, xəstələrə şəfa verirmiş. Pirşağı adının burdan gəldiyi ehtimal edilir. Dəniz qırağında ilkin məskunlaşmanın 800 il əvvələ təsadüf etdiyi güman olunur. Sonralar dəniz səviyyəsi qalxıb, evlərin bəziləri su altında qalıb, bəziləri ciddi təhlükə ilə üzləşib. Camaat isə indiki Pirşağı ərazisində məskunlaşmaq məcburiyyətində qalıblar. Kənddəki ilk məscid də elə o vaxt yaranıb. Məsciddəki daş kitabə buranın adının Seyid Qədir olduğu qeyd edilib. Seyid Qədir məscidi tikdirən adamdır, yoxsa buranın mollası, bu barədə hər hansı məlumat yoxdur. Məcsidin təxminən 600 yaşı var.  
 


Pirşağının etimologiyası ilə bağlı başqa fikirlər də var. Bir versiya bundan ibarətdir ki, "Pirşağı" sözü Piri-Şahin sözündən əmələ gəlib. Rəvayətə görə, burada möcüzəvi, fövqəladə müalicə qabiliyyəti olan Şahin adında bir şəxs yaşayıb. Pirşağı tataz pirində qədim qəbir var ki, həmin şəxsin adı ilə bağlıdır. Bu pir dəri xəstəliklərini müalicə edən ocaq kimi tanınıb. Digər bir izahata görə, Piri-şahı şahın piri mənasına gəlir. Rəvayətə görə, bu piri Şah ziyarət etdiyi üçün el arasında Pirişahı deyilib.

Digər versiyaya görə, günlərin bir günü Pirdən qundaqda olan körpə uşaq tapılır. El arasında bu uşağa Pir-uşağı deyilir. Bundan sonra Pir-uşağı anlayışı yayılmağa başlayır. Başqa bir söhbətə görə, Pir ətrafında məskən salıb yaşayanlara Pir-uşaqları deyilirmiş. "Pirşağı"nın ərəb mənşəli söz olduğunu deyənlər də var. Sözün ikinci hissəsi uşaq anlayışı ilə deyil, Üşşaq anlayışı ilə bağlıdır. Üşşaq aşiqlər demək olduğu üçün sözün mənası – Pir aşiqləri mənasına gəlir.

O vaxtlar camaat maldarlıq, əkinçiliklə məşğul olurmuş, həm də balıq tuturmuşlar. Sovet vaxtı isə əsasən üzümçülüklə. Yaxşı qarpız da yetişirmiş burda. Zeytun, əncir isə ümumiyyətlə bütün Abşeron torpaqlarında var.  Vaxtilə burda çoxlu iydə və badam ağacları olub, indi o ağacların heç biri yoxdur, yerində evlər, tikililər var. 

Pirşağının qumu müalicəvidir, buna görə adına Qızılqum deyirlər. Vaxtilə Sovet ölkələrindəki sanatoriyalara buradan qum daşınırmış. Yük maşınları vasitəsilə qumu vaqonlara daşıyıb aparmışlar. Dəri xəstəliklərinin müalicəsində, ayaqdakı problemlərin düzəldilməsində bu qumdan indi də istifadə edilir. 

Vaxtilə burada 10-yaxın sanatoriya və uşaq düşərgəsi olub. Amma əvvəldə yazdığım kimi hamısı viran qalıb. İndi məcburi köçkünlərin köçürülməsi və sanatoriyaların bərpası istiqamətində işlər görülür. 

*

Pirşağıda məşhur adamların bağı olub. Həm sənət adamları, həm də ictimai-siyasi xadimlər yayda burda dincəlirmiş. Bağı olan məşhurlardan-Hacıbaba Hüseyonvun, Rübabə Muradovanın, Həsən Seyidbəylinin adını çəkmək olar. Sülyeman Rüstəmin öz bağı olmasa da, isti günlərdə kirayə ev götürüb burda qalırmış.

Mikayıl Müşfiq "Yenə o bağ olaydı” deyəndə bax bu bağları nəzərdə tuturmuş. 

*

Pirşağıda doğulmuş-böyümüş şəxsyiyyətlərdən danışırıq Həmidlə. Axund Ağa Əlizadə 1871-ci ildə Pirşağıda doğulub. Qafqaz müsəlmanlarının səkkizincı, Azərbaycan Demokratik Respublikasının ilk Şeyxülislamı olub. Elmlər Akademiyasının keçmiş prezidenti Akif Əlizadənin babasıdır. 

Qırıcı təyyarəçi Hüseynbala Əliyev İkinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə Lenin ordeninə layiq görülüb. Haqqında əsərlər yazılıb, filmlər çəkilib. Hazırda adına küçə var.

"Bizim Cəbiş müəllim”dəki Makedonu - Aqil Ağacanovu yəqin hamınız xatırlayırınız və bilirsiniz ki, o da pirşağlıdır. 

Azərbaycan Neft Şikətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də bu torpaqda doğulub, böyüyüb. 

Sovet dövründə Azərbaycan SSR Ali Sovetinin sədri olmuş Səftər Cəfərovun adını isə, düzünü deyim ki, ilk dəfədir eşidirdim.

*
 


Həmid deyir ki, Pirşağı sakit yer, camaatın dava-dalaşla işi olmaz. Əvvələr burda cəmi 250-300 ev olub. Amma son 10-15 ildə kənd böyüyüb, indi burada ən azı 10 min nəfər yaşayır. Kənardan gəlib burda məskunlaşanlar çoxalıb. Elə onlar da deyirlər ki, Pirşağı camaatının kənardan gələnlərə də münasibəti yaxşıdır, heç vaxt problem yaşanmayıb. 

*

İnsan həmişə şirin su mənbələri axtarıb. Pirşağılılar da hər zaman su axtarışında olublar. Həmid atasına istinadla danışır ki, o qədimdə qoyun-quzu otarmağa gedən gənclər indiki Mehdiabad, İkinci Sovxoz ərazisində ovdan düzəldirmişlər. Ovdan suyu yığıb saxlamaq üçün üstü mağaraya bənzər tikilidir. Burada qədim hamamlar, ovdanlar, su quyuları olub. 

İndi isə Pirşağı fasiləsiz su ilə təmin olunur. Ancaq yayda xüsusilə də suvarma suyu ilə bağlı problem yaranır. Su fasiləli şəkildə verilir ki, bu da müəyyən problemlər yaradır. 

*

Problemlərdən biri də ondan ibarətdir ki, yeni tikililərin böyük əksəriyyətində kanalizasiya sistemi yoxdur. 

İşıq və qazla bağlı isə ciddi problem yaşanmır. 


Pirşağıda, ümumiyyətlə, əksər Bakı kəndlərində südlü aşı duzlu balıqla yeyirlər. Dəniz qırağında yerləşmə, balıqçılığın inkişafı sözsüz ki, balıq və balıq məhsullarına üstünlük verilməsini şərtləndirib. 

*

Həmid də mənim kimi qatar həvəskarı çıxdı. Deyir, uşaq vaxtında qatarların hərəkətinə hər gün saatlarla tamaşa edib. Gələnlərə, gedənlərə durmadan əl yelləyib. Bəzən əlləri ilə siqaret istəyiblər qatarda gedənlərdən, onlar da pəncərədən tullayırmış. İşləməyən vaqonları isə öz aralarında bölüşdürübmüşlər. O sənin, bu mənim, bu Merinosun, o biri Yam-Yamın. Həmid həmişə o qatarlara minib harasa getmək istəyirmiş. Amma o vaxtlar heç bir minə, harasa gedə bilməyib. Hətta əsərlərini elektrik qatarında yazan Kənan Hacıya yaxşı mənada həsəd aparıbmış. Seymur Baycanın nə vaxtsa dediyi "məndən nə vaxt kitab yazılsa, adı gərək "Vağzallarda keçən ömür ola” fikrini indi də xatırlayır. Həmid qatar aclığını indi-indi doldurur. Hər gün qatarla Pirşağıdan şəhərə gəlmək və geri qayıtmaqla. 

Növbəti səfərimiz Buzovnayadır. Bələdçimiz yazıçı Kənan Hacı olacaq. 

Ağa Cəfərli