Ölkə 13:44 18.03.2021

Polisə karantin postlarının qurulması göstərişi verilib? - DİN-dən açıqlama

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2” genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı açıqlanıb.

Sosial şəbəkələrdə geniş müzakirə olunan koronavirusun yeni növünün aşkarlanması ilə əlaqədar bayram günlərində rayonlara gediş-gəlişə qadağa qoyulacağı bildirilir. Hətta Bakıya giriş-çıxışla bağlı qadağaya nəzarət üçün polislərə göstəriş verildiyi, postların qurulmasına başlanıldığı iddia olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq, məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Postların qurulması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar verilməlidir. Hazırda belə bir qərar yoxdur, polisə post qurulması ilə bağlı da göstəriş verilməyib. İnsanlar sərbəst şəkildə rayonlara gedib gəlir”.