Siyasət 17:17 03.02.2022

Politoloq macar nazirin Azərbaycana səfərini dəyərləndirdi

"Səfər çərçivəsində Azərbaycan qazının Macarıstana ixracı məsələsi müzakirə edilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fuad Çıraqov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana olan səfərini dəyərləndirərkən deyib:

"Macarıstanla Azərbaycan arasında sıx münasibətlər formalaşıb. Həm Türk Dövlətləri Təşkilatında, həm də ikitərəfli münasibətlər fonunda. Bu mənada Macarıstan XİN rəhbərinin Bakıya olan bu səfəri də növbəti səfərlərədn biridir. Adətən yaxın ölkələr arasında belə görüşlər keçirilir, daim məsləhətləşmələr olur. Həmin görüşlərin əsasında da iki ölkə arasında yaxın gələcəklə bağlı ümumi tezislər müəyyənləşdirilir. Bu səfər fonunda iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşəcəyini gözləmək olar. Digər tərəfdən, enerji məsələləri ətrafında danışıqlar fonunda ola bilsin, Azərbaycan qazının Macarıstana ixracı məsələsi də müzakirə edilsin. Macarıstan Mərkəzi Avropada yerləşir. Budapeşt böyük ehtimalla idxal etdiyi Azərbaycan qazının həcminin artırılmasında maraqlıdır. Yəqin ki, bu istiqamətdə yeni potensial imkanlar meydana çıxıb və Macarıstan da bu əsasda prosesdə öz iştirakını artırmaq istəyir”.

Rüfət Sultan