Siyasət 12:05 29.10.2019

Politoloq: “Xaricdə 70 yaşdan sonra insanlar aktiv vəzifə tutmurlar”

Prezidentin islahatları çərçivəsində kadrların gəncləşdirilməsi fonunda hələ də vəzifədə qalan yaşlı məmurlarla bağlı son günlər sosial şəbəkələrdə, mətbuatda çoxsaylı yazılar dərc edilir. İctimai fəal şəxslər yaşlı məmurların siyahısını tərtib edərək, onların istefa vaxtının çatdığını bildirirlər. 

Eyni zamanda mətbuat da bu şəxslərin bəzilərindən açıqlama alır. Lakin görünən budur ki, yaşlı məmurlar özlərini heç də olduqları yaşda görmürlər. Məsələn, Milli Məclisin Regional məsələlər komitəsinin 78 yaşlı sədri Arif Rəhimzadə "Yeni Müsavat”a müsahibəsində bildirib ki, həftədə 3 dəfə üzgüçülüklə məşğul olur və 35 dəqiqə ərzində dayanmadan 1 km məsafəni qət edir. Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrin açılmasına səbəb olub. Bu müzakirələr fonunda kimisi deyir ki, sağlamlıq imkan verirsə, yaşın vəzifə üçün əhəmiyyəti yoxdur. Bəziləri də hesab edirlər ki, bu cür yaşlı kadrlar öz yerlərini gənclərə verməlidir və hər bir sahədə dinamik inkişaf olmalıdır.

Əgər sağlamsansa, yaşdan asılı olmayaraq vəzifədə qala bilərsənmi? Dünya təcrübəsi nə deyir?

"Yeni Müsavat”a danışan ekspert Fərhad Mehdiyev bildirdi ki, əslində burada əsas məsələ odur ki, kadr peşəkar olsun: "Xaricdə məmurun yaşı məsələsi əsas fakt kimi nəzərə alınmır. Xarici hökumətlərdə kifayət qədər yaşlı siyasətçilər var. Orada insanın peşəkarlığı nəzərə alınır. Əgər onun sağlamlığı peşəkarlığını həyata keçirməyə problem yaratmırsa, o zaman bu məsələnin də üstündən keçmək olar. Ancaq təbii ki,  yaşı 70-dən yuxarı olan məmurun aktiv siyasətlə məşğul olması çox da xoş qarşılanmır. Xaricdə onların əksəriyyəti 70 yaşın ətrafındadır.  Bu yaşı keçən kimi birmənalı olaraq pensiyaya çıxırlar. Ancaq yaş məsələsinin üzərində dayansaq, o zaman 65 yaşlı insan da əslində yaşlı sayılır. Onu demək istəyirəm ki, normal vəziyyətdə bir insan 60 yaşını keçəndən sonra artıq yaşlı sayılır. Əvvəllər 60 yaş pensiya yaşı sayılırdı. İndi isə bunu qaldırıblar. Xaricdə 70 yaşdan sonra insanlar aktiv vəzifə tutmurlar. Onu da deyim ki, biz nədənsə son zamanlar yaş məsələsini çox müzakirə edirik. Lakin əsas olan peşəkarlıqdır”.

Ekspertə görə, "yaşı çox olanın, təcrübəsi də çoxdur” məsələsi, əslində fərqli məqamdır: "Bu məmurların çoxunun təcrübəsi korrupsiya təcrübəsidir. Gürcüstan misalı ortadadır. Orada gənc adamları yüksək vəzifələrə gətirdikləri zaman mənim özüm də şübhələnirdim. Düşünürdüm ki, bu adamların təcrübələri yoxdursa, vəzifələrini necə icra edəcəklər? Gürcülər həmin zaman dedilər ki, sizin dediyiniz yaşlı insanların peşədən çox, korrupsiya təcrübəsi var. Cavan adamda isə bu cür təcrübə yoxdur. Gürcülər bildirirdilər ki, bizə gənc kadrlar buna görə lazımdır. Əsas məsələ bu insanın vicdanlı olmasıdır. Çünki bir insan nə qədər peşəkar olsa da vicdanlı deyilsə, işini də düzgün yerinə yetirməyəcək. Ona görə də onun vicdanlı olması əsas şərtdir. Bizim idarəçilik sistemindəki məmurların bəziləri göz önündədir. ”ASAN Xidmət"in yaradılması buna sübutdur ki, bəzi məmurlar, qurumlar işlərinin öhdəsindən gələ bilmirlər. Biz "ASAN Xidmət”in fonunda xidmətin necə asan, korrupsiyadan kənar göstərilməsinin şahidi olduq. Ona görə də bu məmurlar qalsalar, nə olar, qalmasalar nə olar. Ona görə də bunların səlahiyyətlərini əllərindən alıb, "ASAN Xidmət”ə ötürürlər. Çünki adamlar səlahiyyətlərini yerinə yetirə bilmirlər. Eyni zamanda görünən budur ki, ölkədə peşəkar kadr qıtlığı da yaşanır. Ona görə də yaş, sağlamlıq deyil, peşəkarlıq məsələsindən danışmaq lazımdır".