Xəbər lenti

Politoloqlar Paşinyanın Əliyevlə görüş təklifini belə dəyərləndirdi
phrase_var_qaynar. 16:07 12.08.2021

Politoloqlar Paşinyanın Əliyevlə görüş təklifini belə dəyərləndirdi

"Paşinyanın Azərbaycan Prezidentilə görüşmək qərarına gəlməsində Rusiya tərəfinin müəyyən təsirləri olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğu barədə səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.

Ancaq həmsöhbətimiz düşünür ki, Paşinyan sözügedən görüşə hazır olduğunu desə də, yenə də manevr etməyə çalışacaq: 

"Xüsusən də Paşinyanın ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyi barədə məlum möveyi onu göstərir ki, Ermənistan yenə həmin qurum vasitəsilə nəyin bahasına olursa-olsun Qarabağın statusu məsələsini müzakirəyə çıxarmaq istəyir. Deməli, İrəvan Qarabağa və deməli, Azərbaycana olan ərazi iddialarından imtina etməyib”. 

Bütün hallarda E. Mirzəoğluna görə, Paşinyanın Azərbayan Prezidentilə görüşmək istəyi müsbət qiymətləndirilməlidir: 

"Hər halda danışıqlar vəziyyətə aydınlıq gətirilməsi baxımından əhəmiyyət kəsb edə bilər. Bu mənada tərəflər arasında keçirilə biləcək görüş Moskva razılaşmasının şərtləri ətrafındakı məsələlərə aydınlıq gətirə bilər. Ermənistanın sərhədlərin demarkasiyası məsələsində mövqeyinin nədən ibarət olduğu və nəqliyyat kommunikasiya xətlərinin açıqlaması ilə bağlı İrəvanın qərarının olub-olmayacağı məlum ola bilər. 

Güman edirəm ki, baş tuta biləcək görüş Azərbaycanla Ermənistan arasında mövcud olan gərginlik həddinin aradan qaldırılmasına müəyyən dərəcədə kömək göstərəcək”.

Politoloq Zərdüşt Əlizadə Paşinyanın hər üç təklifini müsbət dəyərləndirdiyini bildirib. O, Paşinyanın mesajında Minsk qrupundan xalqların barışması üçün hansı addımların atılması, ikitərəfli görüşlər zamanı sülh müqaviləsi, qarşılıqlı ərazi bütövlüyünün tanınması və üçtərəfli komissiyadan isə nəqliyyat dəhlizlərinin, yollarının açılması barədə əməli təkliflər gözlənildiyini qeyd edib:

"Hər üç təklif Azərbaycanın xeyrinədir. Siyasətdə birtərəfli mövqe, birtərəfli faydanı yalnız tam məğlub tərəfdən gözləmək olar. Ancaq biz Ermənistanı tam məğlub etməmişik. Ermənistanın güclü havadarları var - Amerika, Rusiya, Fransa və Xankəndidə də ermənilər oturub, onları orada girov kimi saxlayırlar. Hansısa bir güzəştli sülhə razılaşmalıyıq və bu zaman əsasən sülh müqaviləsi Azərbaycannın ərazi bütövlüyünün tanınması, nəqliyyat dəhlizlərinin açılması məsələləri həllini tapmalıdır”.
  
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

N.Paşinyan Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini və İrəvanın regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazır olduğunu bildirib.

Bahar Rüstəmli, Rüfət Soltan

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->