Ölkə 12:24 23.03.2018

Polkovnik: “Ordumuzun bu cür “humanitar” yardımlara ehtiyacı yoxdur”

"Azərbaycan Ordusu Ali Baş Komandanın daim diqqət və qayğısı ilə əhatə olunub və təminatı da yüksək səviyyədədir. Bu səbəbdən də müxtəlif təşkilatların, ictimaiyyət nümayəndələrinin müxtəlif yollarla toplayaraq hərbi hissələrə apardıqları əlcək, corab, mayka, o cümlədən bəzi ərzaq məhsullarına Ordunun heç bir ehtiyacı yoxdur və hərbi hissələrdə haqlı olaraq qəbul etmirlər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri ordu.az-a açıqlamasında ehtiyatda olan polkovnik Xətai Baxışov deyib. 

X.Baxışov qeyd edib ki, son dəfə hərbi hissələrdə təşkil olunan "Açıq qapı” günü və Novruz bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edərkən də bu kimi halların şahidi olub.

"Mən şəxsi heyətin daim yanında olan hərbçi kimi əminəm ki, əsgərlərə bayram sovqatı adı altında məktəblərdən, ali təhsil müəssisələrindən və digər təşkilatlardan "humanitar” yardım yığan bəzi şəxslərin birmənalı olaraq hərbi hissələrdəki vəziyyətdən xəbərləri yoxdur. Artıq çoxdan əhəmiyyətini itirmiş bu cür yersiz və mənasız təşəbbüslər ilk növbədə əsgər valideynlərini narahat edir. 

Belə şəxslərə üzümü tutaraq bildirirəm ki, qürur mənbəyimiz olan Ordumuz xalqımızın, dövlətimizin və Ali Baş Komandanın qayğısını daim hiss etdiyindən əsgərlərimizin bu cür "yardıma” ehtiyacı yoxdur".