Ölkə 13:02 06.03.2020

Prezident elmə ayrılan vəsaiti artırır, AMEA alimin boğazından kəsir... (TƏNQİD)

"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kitabxanasına üzvlüyə görə illik ödəniş əvvəllər 5 manat olduğu halda, 2017-ci ildə 100 manata, bu yaxınlarda isə 150 manata qaldırılıb”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O, AMEA-nın kitabxanasına üzvlük haqqının artımının ləğv edilməsini təklif edib: 
 
"1 ay üçün iş günlərinin sayı 27-dən 20-yə endirilib. Belə çıxır ki, hər ay 20 gün kitabxanadan istifadəyə görə 15 manat ödənilməlidir. Bu məbləğ əlaçı tələbələrin aylıq təqaüdlərinin 12 faizinə qədərini təşkil edir. 2020-ci ilin dövlət büdcəsindən elmə ayrılması nəzərdə tutulan 193,7 milyon manat vəsaitin 122,34 milyon manatı və ya 63,15% Milli Elmlər Akademiyasının payına düşür. Bununla yanaşı, 2020-ci il üçün AMEA-nın büdcədənkənar xərcləri 2 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin icra göstəricisindən 840 min manat və ya 72% çoxdur. Bu qədər vəsaitin üzərində sərəncam vermək hüququ olan AMEA-nın kitabxanaya üzvlük haqqını 50 faiz qaldırması tələbələr arasında ciddi narazılıq doğurur”.

Qubad İbadoğlu qeyd edib ki, Rutgers Universitetinin kitabxanasında bütün növ xidmətlər pulsuzdur: 

"ABŞ-da hətta Konqresin kitabxanasına da ödənişsiz üzv yazılmaq mümkündür. Azərbaycanda tələbələrin və gənc tədqiqatçıların kitablara olan maraqlarının onsuz da azaldığı bir zamanda AMEA-nın kitabxanasına üzvlük haqqının artımını qəti sürətdə pisləyir və onun ləğvini təklif edirəm. Tələbələr və tədqiqatçıları bu təşəbbüsə dəstək olmağa dəvət edirəm”.

Bahar Rüstəmli