Ekonomiks 17:34 13.03.2019

Prezident iki sərəncam imzaladı

Prezident İlham Əliyev "Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Şabran rayonunun ərazisində yerləşən, V-VI əsrlərə aid "Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyinə 2 milyon manat ayırıb.

Prezident yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayırılıb.