Ölkə 18:16 05.08.2017

Prezident İlham Əliyev iki sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Qaynarinfo"nun məlumatına görə, Sərəncamda qeyd olunur ki, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə  Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisinə maliyyə vəsaiti ayrılıb. 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən rayonunda əsaslı infrastruktur layihələri çərçivəsində Olimpiya İdman Kompleksi, Rayon Mədəniyyət Mərkəzi, “Gənclər Evi”, Bayraq Muzeyi, müasir turizm obyektləri, təhsil müəssisələri və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, Balakən “ABAD” mərkəzi, yeni istehsal müəssisələri yaradılmış, kəndlərarası avtomobil yolları yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Sərəncamda qeyd olunur ki, Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə Uşaq İncəsənət Məktəbinin yeni binasının tikilməsi məqsədi ilə Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Qaynarinfo.Az