Foto 13:21 18.09.2018

Prezident Masallıda açılışlar etdi (FOTOLAR)

Prezident İlham Əliyev Masallı rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Masallı Sənaye Məhəlləsinin açılışına qatlıb. İqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə prezidentə məlumat verib.

İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub. Sonra prezident Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Daha sonra prezident "Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisənin direktoru Ağamirzə Kərimov dövlət başçısına burada yaradılan şərait barədə məlumat verib. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Müəssisənin inşasına 2017-ci ilin noyabrında başlanılıb. 2018-ci ilin sentyabr ayında inşaat işləri tam başa çatdırılıb. Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur.

İlham Əliyev müəssisəni işə salıb. Dövlət başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış oldu.

Prezident həmçinin Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, yolun yenidən qurulması İlham Əliyevin bu il iyulun 23-də imzaladığı sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Sonra dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.