Ölkə 18:25 06.06.2018

Prezident sərəncam imzaladı: "Heybət" ləğv edildi, "Abşeron" yaradıldı

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir: 

Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qərara alıram:

1. Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv edilsin. Yeni inşa edilmiş dəmir yolu stansiyası "Abşeron” adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.