Xəbər lenti

Prezident təqaüdçüsü:
Ölkə 16:42 27.12.2024

Prezident təqaüdçüsü: "Soydaş Gününün elan olunmasını təklif edirəm"

(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə hazırlanıb)

Dekabrın 31-i Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il Bayramı ilə birlikdə qeyd olunur. Mərhum Prezident Heydər Əliyevin Azərbaycana qoyduğu miraslardan, dəyərlərdən biri də məhz dünya azərbaycanlılarını birləşdirən milli diaspor hərəkatının görkəmli nümayəndələrinin hər birində maraq oyadan həmrəylik günüdür. 

Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında Soydaş Gününün elan olunmasını təklif edib:

"Həmrəylik gününün elan olunmasının səbəbləri var. Şimalı və Cənibi Azərbaycan arasında olan sərhəd bizim sadə insanlar tərəfindən dağıdıldı, xalq birləşdi və məhz bu gün ərsəyə gəldi. O zamanlar hələ Azərbaycan diasporu zəif idi, təchizatlar təzəcə yaranırdı. Heydər Əliyevin, daha sonra İlham Əliyevin, Heydər Əliyev Fondunun, daha sonralar isə Xarici İşlər Nazirliyi ilə Diaspor Komitəsinin Prezidentin tapşırıqlarını yerinə yetirərək qurduğu fəaliyyət nəticəsində Azərbaycanın dünyanın aparıcı ölkələrində çox güclü lobbiçilik və diaspor hərəkatı yarandı. Düşünürəm ki, həmrəylik günü ilə yanaşı, ümumiyətlə, Azərbaycanda bir "soydaş günü” də elan etmək lazımdır. Soydaş günü dünyada yaşayan azərbaycanlılar və Azərbaycanı sevən və hansısa mənəvi tellərlə Azərbaycana bağlı olan insanların bayramı kimi qeyd edilməlidir”.

Aydın Xan Əbilovun sözlərinə görə, bunun üçün xüsusi vaxt da seçilməlidir:

"İnsanlar məhz həmin günü xaricdə yaşayan, Azərbaycanın inkişafı üçünfəaliyyət göstərən, hətta ailəsi üçün oradan pul göndərən şəxslərə minnətdarlıq günü kimi qeyd edilməlidir. Soydaş günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təmtəraqlı qeyd olunmalıdır. Dünya azərbaycanlıları tarixi vətənləri olan Azərbaycana göstərdiyi qayğı və maddi-mənəvi dəstəyə görə hər hansı bir ölkədə siyasi və biznes fəaliyyətilə məşğuldursa, həmin gündə onlara dəyər, sayğı, sevgi göstərib və ruhlandırmaq lazımdır. Xüsusən də qarışıq nikahlardan olan soydaşlarımızı bu tipli fəaliyyətlərə həvəsləndirmək lazımdır”.
 


Kulturoloq hesab edir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün diaspora hərəkatının güclənib, formalaşmasına təsiri böyükdür:

"Bu gün bayram bayrama qarışır. Onların əksəriyyəti ailəsinin yanında hər iki bayramı qeyd etsələr də, daha çox Yeni il bayramına köklənirlər. Çünki onlar dost-tanış, yaşadıqları ölkənin ictimaiyyəti ilə bayramı qeyd edirlər. Ona görə də növbəti bir bayram olaraq dünya azərbaycanlıları, soydaşlarımız üçün bir gün elan etmək olar. Bu ikinci bir bayram kimi dünyada yaşayan azərbaycanlılara həsr olunmalıdır. Hər iki bayram çox təmtəraqlı keçirilməlidir, karnavallar, rəsm, sənət nümunələrinin sərgiləri, konsertlər keçirilməlidir. Dəyər insanlarımız, görkəmli nümayəndələrimizə həsr olunan həftəliklər, gecələr də təşkil  etmək olar. Azərbaycanlıların həmin ölkələrdə mədəniyyət mərkəzləri, təşkilatları varsa, onların qapıları oradakı ictimaiyyətin üzünə açıq olmalıdır. Həmin ölkələrin ictimai-siyasi, biznes, texnika, sosial şəbəkə elitası həftəliklərə dəvət edilməlidir, onlara xüsusi hədiyyələr verilməli və eyni zamanda Azərbaycan haqqında xüsusi kitablar təqdim olunmalıdır”. 

Aydın Xan Əbilovun fikirincə, həmin tədbirlərdə Azərbaycan rəssamlarının sənət əsərləri də təqdim olunmalıdır:

"Tik-tokerlərin yaratmış olduğu videolardan ibarət maraqlı sərgilər və yaxud da sosial platformalarda xüsusi həftəliklərin keçirilməsi də mümkündür. Bunlar həm Həmrəylik günü, həm Novruz bayramı, həm də Soydaş günü çərçivəsində təkrar-təkrar qeyd edilməlidir. Həm beynəlxalq turizm imkanlarımız genişlənsin, həm əcnəbi turistlər Azərbaycana axışsın və Azərbaycanın özünün həmin ölkələrdəki elitalardan ibarət dostları yaransın, qarışıq millətlərdən ibarət olan həmvətənlərimizin Azərbaycana məhəbbəti daha da güclənsin. Azərbaycan mətbəxti xarici ölkələrdə reklam olunsun, milli yeməklərin təqdim edildiyi kafelər, restoranların açılması asanlaşsın. Eyni zamanda bizim mədəni, krietaiv, kulturoloji təsirimiz bu ölkələrdə güclənsin”.

Aydın Xan Əbilov vurğulayıb ki, bütün bunlardan sonra yaxın gələcəkdə çox maraqlı və dünyaya daha güclü nüfuz edən Azərbaycanla rastlaşacağıq:

"Biz virtual bir millətik. 50 milyona yaxın və qarışıq millətlərdən olan nikahlardan dünyaya gələnləri də hesaba alsaq, 80 milyona yaxın soydaşımız var ki, onlar dünyanın hər yerində yaşayır. Onları həvəsləndirib, müxtəlif sahələrdə qabağa çəkmək üçün bizim Soydaş günü maraqlı bir konsepsiya irəli sürmək olar”.

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->