Sentyabrın 16-da - Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib. Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən stendə baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunub. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanmış və qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilmiş, yüksək standartlara uyğun şərait yaradılıb. Bu təhsil müəssisəsinin işıqlandırma və istilik sistemi də yenidən qurulub. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb, yeni dərs ili münasibətilə onları təbrik edib.
Məktəbin direktoru Zemfira Səmədova ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Şərhlər