Prezidentin açılış etdiyi yolların görüntüləri (VİDEO)
Bu gün Goranboy rayonunda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout yolunun açılışı olub.
12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.
Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb. Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Bu gün, həmçinin Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı olub. Uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.
Yolun yenidən qurulması işləri 2018-ci ilin may ayında yekunlaşıb. İnşaat işləri zamanı bütün texniki tələblərə tam riayət olunub. Layihə çərçivəsində 300 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, zəruri yerlərdə minə yaxın yol nişanı və göstərici lövhə quraşdırılıb, 50 kilometr uzunluğunda yol-cizgi xətləri çəkilib. Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Qeyd edək ki, hər iki yolun açılışında Prezident İlham Əliyev iştirak edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər