Prezidentin yeni fərmanı: Təhsil kreditini kimlər ala biləcək? - Detallı şərh

Prezidentin yeni fərmanı: Təhsil kreditini kimlər ala biləcək? - Detallı şərh

"Mövcud məbləğlə ödənişli əsaslarla oxuyan 38 min tələbənin problemini həll etmək mümkün olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Tələbə Kredit Fondunun yaradılması barədə Prezident İlham Əliyev tərəfindən verilən fərmanı dəyərləndirərkən deyib. Ekspertin fikrincə, kreditin geri ödənilməsi üçün təhsili başa vurduqdan sonra tələbə mütləq şəkildə işlə təmin edilməlidir:
 


"2015-2020-ci illər arasında 7 minə yaxın tələbə təhsil haqqını ödəyə bilmədiyindən ali təhsilini yarımçıq qoymağa məcbur olub. Bu da kifayət qədər ciddi rəqəmdir.  Ölkədə ali təhsilli insanların sayı yetərincə deyil. Həmçinin yerli əmək bazarında ixtisaslı kadrlara ehtiyac var. Bunların fonunda təhsil haqlarını ödəyə bilməyənlərin problemlərinin həllində dəstəyə ehtiyac vardı. Azərbaycanda 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır. Onun da 110 mini ödənişli əsaslarla oxuyur.  Tələbə kreditləri tək əyani təhsil alanlara deyil, qiyabi şəkildə oxuyanlara da şamil ediləcək. Onlara fond tərəfindən faizsiz, yaxud da cüzi faizlərlə kredit verəcək”.  

Həmsöhbətimiz bildirdi ki, tələbə kreditinin problemli kreditə çevrilməsinə imkan vermək olmaz: 

"Bu gün onsuz da kifayət qədər gənc kredit içində batır. Tələbə aldığı bu krediti təhsil aldığı dövrdə ödəməkdən azaddır. Bundan başqa, təhsil başa vurulandan sonra hərbi xidmətlə bağlı olaraq daha iki ilə qədər vaxt veriləcək. Yalnız bu müddət bitəndən sonra kreditin geri ödənilməsinə başlanılacaq. Digər tərəfdən, tələbə əlaçı, beynəlxalq yarış və müsabiqələrin qalibi olarsa, hansısa bir ixtira kəşf edərsə, ona verilən kredit bağışlanılacaq. Yəni verilən bu kredit növü sosialyönümlüdür”. 
 


K. Əsədov tələbə kreditindən yararlanan tələbənin təhsili başa vurduqdan sonra işlə təmin edilməsini ən vacib məqamlardan biri hesab edir: 

"Bu məsələ mütləq mənada öz həllini tapmalıdır. Digər tərəfdən, tələbənin aldığı vəsaiti geri ödəmək imkanında olması üçün məbləğ üzrə faizlər böyük olmamalıdır.  Məlumatıma görə, fond 7 nəfərlik İdarə Heyətindən ibarət olacaq. Ən vacib məqam fondun hesabatlı olmasıdır. Büdcəsi 80 milyon manat olacaq. Apardığım araşdırmaya görə, bu məbləğlə il ərzində 38 min insanın təhsil haqqını ödəmək olar.  Bu da imkan verəcək ki, ehtiyacı olanların hamısının problemini həll edə bilək”. 

K. Əsədov vurğulayıb ki, ali təhsil müəssisələrində kimliyindən asılı olmayaraq ödənişli təhsil alan bütün tələbələr bu kreditdən istifadə edə biləcəklər: 

"Bu prosesdə hər hansı bir kateqoriya xüsusi olaraq fərqlənmir. Çünki xüsusi kateqoriyalı insanlar onsuz da təhsil haqqından azaddır. Digər tərəfdən, kredit tək bu ildən başlayaraq ali məktəblərə yeni qəbul edilənlərə deyil, hətta artıq tələbə statusuna malik daha yuxarı kurslarda oxuyanlara da şamil ediləcək. Yəni burada da heç bir fərq qoyulmur”.

Rüfət Sultan
X
XƏBƏRLƏR
BLOGLAR