Siyasət 17:12 03.12.2020

Prezidentin Zəfər Gününün tarixini dəyişməsi... (ŞƏRH)

"Bu, bir daha bir millət iki dövlət anlayışına, fəlsəfəsinə, məzmununa tamamilə uyğundur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Prezidenti İlham Əliyevin Zəfər Günü tarixinin dəyişdirilməsi barədə qərarından danışarkən deyib. 

O bildirib ki, Prezidentin bu addımı çox təqdiredicidir: 



"Həqiqətən noyabr ayının 10-u böyük tarixi şəxsiyyətin, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Həmin gün Türkiyədə ancaq Atatürklə bağlı xatirələr önə çəkilir, kinolar nümayiş olunur və hətta tamamilə deyil, rəsmi yerlərdə bayraq yarıyacan endirilir. Türkiyənin qanunlarına görə, noyabrın 10-da Atatürkun anım günü bir həftə qeyd edilir. Bir həftə ərzində onunla bağlı xatirələr danışılır, ruhuna dualar oxunur. Bu həm də Azərbaycan xalqının, dövlətinin və Prezidentinin Türkiyə dövlətinə, ordusuna, onun yaradıcısına, dahi şəxsiyyət olan Atatürkün unudulmaz xatirəsinə olan böyük ehtiramın ifadəsidir”. 

Deputat qeyd edib ki, Zəfər bayramının Şuşanın işğaldan azad olunması gününə təsadüf etməsi tamamilə məntiqlidir: 

"Çünki Şuşanın azad edilməsi ilə əslində hərbi əməliyyatlara son qoyuldu və biz Ermənistanın kapitulyasiya aktını özündə ifadə edən məlum bəyanata qol çəkməsinə nail olduq. Kapitulyasiya Azərbaycan silahlı qüvvələrinin zəfəri idi”. 

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında 2020-ci il 2 dekabrda sərəncam imzalayıb. Sərəncama görə, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.  

Bahar Rüstəmli