Siyasət 13:48 11.12.2020

Prezidentin Zəngəzur mesajı: ermənilər yenidən ortaya iddia qoysalar... (ŞƏRH)

"Bizim heç kəsin torpağında gözümüz yoxdur. Söhbət Azərbaycanın o torpaqlara iddiasından getmir. Biz Ermənistan, Gürcüstan, İran, Rusiyanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyırıq. Halbuki bir çox torpaqlar bizdə olub. Amma bu tarixdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Prezident İlham Əliyevin "Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır” fikrinə aydınlıq gətirərkən deyib. Politoloq bu mesajın verilməsini düzgün hesab etdiyini qeyd edib:
 
 

"Prezident tarixi faktları dedi. Biz tarixə baxdığımızda Göyçə, Zəngəzur Azərbaycan Demokratik Respublikasının tərkibində olub. Azərbaycanın müstəqilliyini və ərazisini tanıyan Paris Sülh Konfransında Zəngəzur Azərbaycanın ərazisi idi. Bunun xəritələri var. Sonra SSRİ dövründə Zəngəzur Muxtar Vilayəti yaradıldı və sonra bu vilayət Ermənistana verildi. İrəvana gəlincə isə İrəvan xanlığı vardı. İndi İrəvanda olan bir çox tikililər də vaxtı ilə İrəvan xanı tərəfindən tikilib. Sonradan onları uçurdub-dağıtdılar. Bu, açıq bir tarixdir. Tarix elə gətirdi ki, bu torpaqlar hazırda Ermənistandadır. Dünya ictimaiyyəti də Ermənistanın ərazi bütövlüyünü tanıyır. Necə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ Azərbaycanın tanıdığı kimi. Burada çox önəmli məqam var. Ola bilsin ki, bunu xatırlatmaqla mesaj verilib. Hesab edirəm ki, bu mesaj düzgün verilib. Əgər bundan sonra Ermənistan dövləti, ermənilər Dağlıq Qarabağa iddialarını yenidən ortaya qoymağa başlasalar, bu siyasəti davam etdirsələr, biz də eyni şəkildə Zəngəzur, Göyçə və İrəvanın problemlərini qaldıracağıq”. 

Azər Qasımlı bildirib ki, Prezident İlham Əliyev bu fikiri səsləndirsə də, açıqlamasını vermədi:

"Prezident sadəcə tarixi faktları dedi. Amma mən müharibə gedən ərəfədə dəfələrlə çıxışlarımda bildirmişdim ki, əgər Qarabağda yaşayan ermənilərə biz Ermənistanla əlaqə koridoru veririksə, oradan istifadə edəcəklərsə, onda eyni şəkildə Naxçıvandan koridorumuz olmalıdır. Necə ki, Laçın koridoru verilib, Naxçıvan koridoru da onun kimi olmalı, sərbəst şəkildə vətəndaşlar gedib-gəlməlidir. Və bunun yanında da oradan qovulan azərbaycanlılar var. Onların da qovulduğu torpaqda evləri, mülkləri, əşyaları, həyatları vardı. Bunların hər biri onlara qaytarılmalıdır. Əgər onlar geri, vətənlərinə dönmək istəyirsə, Ermənistan buna şərait yaratmalıdır”.

Politoloq hesab edir ki, bu problemlər bu gün də olmasa, sabah müzakirə mövzusu olacaq.   

Qeyd edək ki, Prezident İlham Əliyev Zəfər paradında çıxışında Ermənistanın təcavüzkar siyasətinin hələ 1980-ci illərin sonlarından başladığını vurğulayıb. İlham Əliyev "O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salıb. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu”, - deyə bildirib.
Bahar Rüstəmli