Siyasət 18:37 03.09.2013

Prezidentlər Moskvada görüşdülər

Bu gün Moskvada Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Rusiya prezidentinin Moskva ətrafında, Novo-Oqoryevoda yerləşən iqamətgahında baş tutub.

Görüş zamanı prezidentlər iki ölkə arasındakı mövcud münasibətlərin daha yüksək səviyyə çatdırılmasının vacibliyini vurğulayıblar. V.Putin iki ölkə arasındakı münasibətlərin intensiv inkişafından çox şad olduğunu söyləyib: “Bütün istiqamətlərdə əlaqələr çox sürətlidir. İki ölkə arasında ticarət dövriyyəsi 23%-i ötüb. Rusiya Ermənistanın birinci ticarət tərəfdaşıdır. Bu tendensiya qorunub saxlanılır”.

S.Sarkisyan ölkələr arasında dostluğun əsasını xalqlar arasında çoxəsrlik ənənəvi dostluq və qardaşlığın qoyduğunu söyləyib: “Əminəm ki, bu münasibətlər dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma anlayışına uyğun olaraq inkişaf edəcək. Ermənistan bu əlaqələri yüksək qiymətləndirir və hər şeyi edəcək ki, bu əlaqələr inkişaf etsin. Bu, bizim üçün prioritetdir”.

Ermənistan prezidenti bununla yanaşı, Rusiya və Ermənistan arasında həlli vacib olan məsələlərin olduğunu da söyləyib: “Bu məsələlər həll olunmalıdır ki, əlaqələrimiz daha da yüksək səviyyəyə qalxsın. Moskvaya buna görə gəlmişəm”.

Qaynar.info