Siyasət 13:23 25.06.2013

Prezidentlər telefonla danışdılar

Türkiyə prezidenti Abdulla Güllə İranın yeni prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, A.Gül H.Ruhanini İranın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, onun quracağı gələcək hökumətə müvəffəqiyyətlər arzulayıb.

Türkiyə prezidenti İrandakı prezident seçkilərini diqqətlə izlədiyini bildirib: “Proqramınızda başda gənclər, ziyalılar və qadınlar olmaqla ölkənin bütün təbəqələrinin əhatə edilməsi böyük əhəmiyyətə malikdir və sizin bizim nəzərimizdə çox yaxşı bir şəxsiyyət olduğunuzu göstərir”.

A.Gül BMT Baş Assambleyasının yığıncağı zamanı görüşəcəklərinə ümidvar olduğunu vurğulayaraq, Türkiyə və İran arasında əlaqələrin, əməkdaşlığın daha da inkişaf etdirilməsini, dərinləşdirilməsini istəyib.

H.Ruhani isə öz növbəsində Ankaranın atacağı addımlarla ölkədəki problemlərin sona çatdırılmasını vacib hesab edərək, Türkiyənin daxili işlərinə xarici müdaxilənin qəbuledilməz olduğunu bildirib.

İranın yeni prezidenti iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın dərinləşməsinin bölgə məsələlərinin həllində, həmçinin regiona dinclik və sabitliyin geri gəlməsində təsirli rol oynayacağını vurğulayıb.

Qaynar.info